TARİX İNSTİTUNDA QALMAQAL: TƏCİLİ YARDIM KÖMƏYƏ GƏLDİ…

 
29-10-2024, 11:20            148 dəfə baxılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitunda növbəti insident baş verib. AMEA-dan «Təzadlar»a verilən məlumata görə, bu dəfə institutun kişi və xanım əməkdaşı arasında qarşıdurma sonuncunun üstünə təcili yardım çağrılması ilə nəticələnib…

Bu hadisə bizi də ciddi düşündürməyə bilməzdi və ciddi narahatlıq doğurur. Çünki neçənci dəfədir belə bir qalmaqal eşidirik. Tariximiz yazılan və araşdırılan bir məkanda qalmaqala nə hacət?! Hesab edirik, baş verən bu hadisə də institutun daxili idarəçiliyindəki problemlərin dərinliyini göstərir. Redaksiyaya verilən məlumatda deyilir ki, «…bu gün- 28 oktyabr 2024-cü il tarixdə, saat 12:00 radələrində İnstitutun nəşriyyat şöbəsində şöbə müdiri ilə digər bir xanım əməkdaş arasında yaranmış gərginlik növbəti qalmaqalın səbəbi olub. Qarşıdurma nəticəsində əməkdaşın səhhətində problemlər yaranıb və təcili tibbi yardım çağırılaraq ilkin müdaxilə göstərilib. Tarix və Etnologiya İnstitutunda davamlı olaraq formalaşan qeyri-sağlam iş mühiti, əməkdaşlara qarşı göstərilən qeyri-etik münasibətlər, mütəmadi qalmaqallar AMEA-nın bu qurumunda ciddi struktur islahatlarının zəruriliyinə işarə edir. Artıq adi hala çevrilmiş İnstitutda əməkdaşlara qarşı yazılan təhqiramiz e-maillər, institutun dəhlizlərində qapılara yapışdırılan qeyri-etik məzmunlu vərəqələr və şəxsi hücumlar, sanki institutun gündəlik iş mühitinin bir parçasına çevrilib…», -məlumatda deyilir.
Əldə etdiyimiz məlumata görə, hazırkı qalmaq baş verən şöbənin əməkdaşı Tarix İnstitutunun direktor müavini İlqar Niftəliyevin həyat yoldaşı Cəvair Niftəliyevadır. Əsas ixtisası fizika müəllimi olan xanım həmin şöbədə çalışır ki, bu da İnstitutda işə qəbul və kadr siyasətinin şəffaflıq və peşəkarlıq prinsiplərindən kənar həyata keçirildiyinə dair ciddi şübhələr yaradır (İlqar Niftəliyev direktor müavini təyin ediləndən dərhal sonra İnstitun əməkdaşı kimi işə qəbul olunub).
AMEA-nın bu kimi qeyri-peşəkar idarəçilik üsulları və rəhbərliyin əməkdaşların hüquqlarını qorumaq əvəzinə iş mühitini gərginləşdirməsi həm akademik fəaliyyətin keyfiyyətini, həm də elm ocağının nüfuzunu sarsıdır. Mövcud vəziyyətin aradan qaldırılması üçün AMEA rəhbərliyinin ciddi və təxirəsalınmaz tədbirlər görməsi zəruridir.

BU NƏDİ BELƏ: Buralarda elmdən başqa hər şey var...

İş yerində təhlükəsiz və hörmət mühitinin qorunması rəhbərliyin də məsuliyyətidir. Rəhbərlik işçilər üçün sağlam və təhlükəsiz iş mühiti yaratmaqda məsuliyyət daşıyır və hər bir insidentin qarşısını almaq üçün önləyici tədbirlər görməlidir. Rəhbər şəxslər işçilərin təhlükəsizliyi üçün müəyyən mexanizmlər, qaydalar və prosedurlar tətbiq etməli və zorakılığın qarşısını almaq üçün tədbirlər görməlidir. Əməkdaşların zorakılıq və təcavüz hallarını vaxtında bildirməsi və bununla bağlı tədbirlərinin həyata keçirilməsi zəruridir.

Hər bir əməkdaşın hüquqları qorunmalı və iş yerlərində etik davranış qaydalarına ciddi riayət edilməlidir. Unutmayaq ki, hər birimiz qarşılıqlı hörmət və qayğı mühitində daha sağlam və məhsuldar işləyə bilərik. Bu cür hallar bir daha göstərir ki, iş mühitində yalnız peşəkar bacarıqlar deyil, həm də qarşılıqlı hörmət və əxlaq prinsiplərinə riayət etmək əsas şərtlərdəndir.

***

Bu məlumat yayımlanmamışdan öncə institutun direktoru Kərim Şükürovun və institutun mətbuat xidmətinin elektron poçtuna, sonra AMEA rəhbərliyinə göndərildi, məsələyə dair mövqe bildirilməsi xahiş olundu. «Media haqqında» Qanunun, eləcə də «İnformasiya əldə etmək haqqında» Qanunun tələblərinə uyğun olaraq qarşı tərəfə operativ cavab verilməsi üçün bir sual göndərmişik: 1.Məlumatda qeyd olunan hadisə doğrudurmu? 2.İki əməkdaş arasında yaranmış qarşıdurma nədən qaynaqlanıb?

Eləcə də xahiş olunub ki, informasiya sorğusuna qısa cavab verilsin.

Xatırladırıq ki, hadisə barədə oxşar sorğu Səhiyyə Nazirliyinə və Təcili və Təxirəsalınmaz Yardım Mərkəzinə də göndərilib... Hələ də cavab yoxdur.

Mövzuya ətraflı qayıdılacaq.

«Təzadlar»





Xəbəri paylaş


 
 


Xəbər lenti