"Baş Prokurorluğun qarşısında davamlı piket təşkil edəcəyik” - Tanınmış sahibkar "OD PÜSKÜRDÜ"
8-07-2022, 12:40
Tanınmış iş adamı, sabiq deputat Nazim Bəydəmirli uzun illərdir şikayətinə baxmayan məmurları ittiham edir.Əyalətmedia.az xəbər verir ki, sahibkar bu barədə keçirdiyi mətbuat konfransında məlumat verib. Bəydəmirlinin sözlərinə görə, iyunun 7-də Şəmkir rayon prokurorluğunda qəbul keçirən Baş Prokuror Kamran Əliyevlə görüşüb və məruz qaldığı milyonlarla manat ziyanla bağlı şikayətini şəxsən təqdim edib: “Mənə söz verildi ki, geri qayıtdıqdan sonra 1-ci müavini və idarə rəisi 12 il ərzində verdiyim şikayətlərin ədalətli araşdırılması üçün ətraflı məlumat toplayacaq. Həmçinin qərar qəbul edilməsi üçün Kamran Əliyev özü göstəriş verərək, məsələni şəxsən nəzarətə götürəcək. Ancaq bu günə qədər bir idarə rəisi məni qəbul edib dinləyib və haqlı olduğumu deyib. Bundan başqa heç bir hüquqi addım atılmayıb”.Nazim Bəydəmirli keçirdiyi mətbuat konfransında bildirib ki, 2004-cü ildə Dövlət Əmlak Komitəsindən Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 40 ünvanda yerləşən “Avto Qarant” ASC-yə mənsub olan 60579 ədəd adi səhmləri özəlləşdirmə metodu ilə satın alıb və həmin cəmiyyətin əmlakının 30.0058% mülkiyyət hüquqlarını əldə edib: “Bu müddət ərzində mənə məlumat verilib ki, cəmiyyət daimi olaraq zərərlə işləyir, buna görə də dividendlər səhmdarlar arasında bölüşdürülmür. Araşdırmalarım nəticəsində mənə məlum olub ki, cəmiyyətin gəlirləri aylıq 20000-22000 min arasında olur, həmin məbləğin çox hissəsini cəmiyyətin rəhbərlik etdiyi şəxlər xəzinəyə mədaxil etmədən mənimsəyirlər. ASC-nin 61% səhmlərinə 2003-cü ildə şübhəli sahib olan Ədalət Bağırovun törətdiyi qanun pozuntuları özünün yaratdığı cinayətkar qrup tərəfindən uzun illərdir ki, davam etdirilir. Yol verdikləri qanun pozuntularını 7 iyun 2022-ci il tarixində Şəmkir rayon prokurorluğunda vətəndaş qəbulu keçirən Baş Prokuror Kamran Əliyevə şəxsən təqdim etdim. Ortada açıq-aşkar səhmdar cəmiyyətin küllü miqdarda gəlirlərinin mənimsənilməsində iştirak edənlərin cinayət əməlləri olduğu halda Xətai rayon prokurorluğu “mülki işdir” deyərək əslində cinayətkar dəstəni himayə edib. İndi də bu işi Baş Prokurorluq həyata keçirməklə məşğuldur. Şikayətlərimizlə bağlı Baş Prokurorun söz verdiyi kimi bütün olub keçən “araşdırmalar” bizim iştirakımızla qanuni həllini tapmasa, yaxın günlərdə 110 səhmdarlarla birlikdə Baş Prokurorluğun qarşısında davamlı piket təşkil edəcəyik” – sahibkar fikirlərini tamamlayıb.
Xəbəri paylaş



























