ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir..

 
20-11-2024, 11:32            123 dəfə baxılıb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi (ADNSU) Zümrüd Qurbanova şəxsi münaqişələr zəminində işdən çıxarıldığını deyir.

Vətəndaş bildirir ki, 2024-cü il aprelin 1-də “əmək müqaviləsinin müddətinin bitməsi” bəhanəsilə fəaliyyətinə xitam verilib.

Müəllim deyir ki, Universitetin Kimya-texnologiyası fakültəsinin professoru Yunis Qəhrəmanlı və İnsan Resursları Departamentinin direktoru İlduzə Hüseynova onu şəxsi zəmində vəzifəsindən uzaqlaşdırıblar.

“Son illərə qədər universitetlə müəllimlər arasındakı müqavilə seçkilərin nəticəsinə əsasən 5 illik bağlanırdı. 2024-cü il yanvarın 19-da işlədiyim kafedranın 10 dosentinin, həmçinin mənim də 5 illik müqaviləmiz başa çatdı. Universitet bütün əməkdaşlarla 2 aylıq müvəqqəti əmək müqaviləsi bağladı. Himayəmdə I qrup daun sindromlu övladım var, özüm də II qrup əlil olduğum üçün məcbur razılaşdım. Halbuki 48 il bu universitetdə işləmişəm və müqaviləm də müddətsiz olmalı idi”, – müəllim deyir.

O bildirib ki, iki aylıq müqavilə 2024-cü il martın 19-da başa çatsa da, işə qəbulla bağlı müsabiqənin vaxtı uzadılıb:

“İnsan Resursları Departamentinin direktoru İlduzə Hüseynova müsabiqəni məqsədli şəkildə martın 27-28-nə təyin etdi. Yəni mən və digər müəllimlər işsiz olduğumuz tarixdə müsabiqəyə cəlb olunduq. Müsabiqənin şərtlərinə görə, bütün müəllimlərin iştirakı üçün rektora ünvanladıqları ərizələrə kafedra müdiri tərəfindən dərkənar qoyulur, sənədlər elmi katib tərəfindən toplanaraq kafedra iclasına və ya elmi şuraya təqdimat üçün hazırlanır. Kafedra müdiri Yunis Qəhrəmanlının göstərişilə sənədlərim elmi katib tərəfindən qəbul edilmədi. Bu da kafedra müdirinin mənimlə şəxsi münaqişə zəminində qərəzliyinin və özbaşınalığının, vəzifəsindən istifadə etməsinin sübutudur”.

Zümrüd Qurbanova deyir ki, “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə görə, “professor -müəllim vəzifələrinə seçilmək üçün (gizli səsvermədən əvvəl) müsabiqədə iştirak edən hər bir namizədin peşə-ixtisas hazırlığı haqqında məlumat dinlənilməlidir:

“Sənədlər seçkidən əvvəl müvafiq kafedra iclasında müzakirə olunmalı, hər bir namizədin elmi-pedaqoji fəaliyyəti obyektiv surətdə qiymətləndirilərək, müvafiq qərar qəbul edilməli, hər bir namizəd üçün kafedranın əsaslandırılmış rəyi fakültə elmi şurasına təqdim ediməlidir. Müsabiqədən əvvəl və seçki günü müsabiqədən keçən 10 müəllimin, o cümlədən mənim də elmi-pedaqoji fəaliyyətim qiymətləndirilmədi, rəy verilmədi. Kafedra iclasında analıq məzuniyyətində olan görkəmli alim kimi təqdim edilən pedaqoq üstünlük qazandı. Sual yaranır ki, bu yeni təcrübəsiz namizəd niyə heç kimi yox, məhz məni, özü də dərs ilinin ortasında əvəz edib? Bu, Yunis Qəhrəmanlının məni seçki adı altında məhv etmək planını bir daha sübut edir”.

Qurbanova bildirir ki, universitetdə hətta onunla yaxşı münasibətdə olan həmkarları da kafedra müdiri tərəfindən təhdid olunaraq, onun əksinə səs veriblər:

“Bu universitet müəyyən qruplaşmanın əlindədir və onlar istədikləri özbaşınalıqları etməklə əməkdaşların taleyi ilə oynayırlar. Burada təhsildən başqa hər cür işlərlə, hətta mənəvi pozuntularla da məşğul olurlar. İnsan Resursları Departamentinin direktoru İlduzə Hüseynovanın başçılıq etdiyi işbazlar komandası yalnız mənim deyil, universitetin bir çox işgüzar müəllim və əməkdaşlarına qarşı da hüquq pozuntuları edir”.

Müəllim deyir ki, Yunis Qəhrəmanlı savadlı və zəhmətkeş müəllimləri universitetdən uzaqlaşdırır:

“Bu illər ərzində mən hər hansı bir qüsur nümayiş etdirməmişəm. Mənə qarşı törədilən əngəllərə baxmayaraq pedaqoq, peşəsini sevən bir müəllim kimi hər zaman vəzifəmin öhdəsindən layiqincə gəlməyə çalışmışam. Müəllimlərin pedoqoji fəaliyyətləri müzakirə olunmadığı halda, hansı qanuni əsasla məhz mənim – Zümrüd Qurbanovanın elmi-pedoqoji fəaliyyəti mənfi qiymətləndirilib? Guya müsabiqədə səs toplaya bilmədiyim iddia edilib?”

Şikayətçi məsələ ilə əlaqədar Prezident İlham Əliyev, Birinci-vitse prezident Mehriban Əliyevaya məktub ünvanlayıb.

Məktubları Elm və Təhsil Nazirliyinə yönəldilib:

“Elm və Təhsil Nazirliyinə göndərdiyim teleqram və məktubların heç birindən isə cavab almamışam. Əvəzində mən ADNSU rektoru Vazeh Əskərovun imzası ilə və ard-arda iki gün fərqi ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidova ünvanlanmış eyni məzmunlu məktublar almışam. Şikayət etdiyim tərəfin mənə birbaşa cavab ünvanlaması hansı qanuna əsaslanır və nə dərəcədə düzdür? Elm və Təhsil Nazirliyi isə ölkə rəhbərliyindən yönəldilmiş tapşırığa laqeyd qalaraq, tədbir görmək əvəzinə mənim müraciətlərimi yenidən əks tərəfə yönəldir, mənə də gözləməyi təklif edir. Ancaq nə vaxta kimi? Belə halda məsələnin həllinin tapılması şübhə altındadır”.

Zümrüd Qurbanova bildirir ki, iki dəfə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidovun qəbulunda olub:

““İkinci dəfə yenə Samir Həmidovla görüşəndə mənə “Universitetin yiyəsi Vazeh Əskərovdur, onunla şəxsən danışmışam. Biz onun işinə müdaxilə edə bilmərik”, – dedi. Vazeh Əskərov isə universiteti istədiyi kimi idarə edən, hər əməlində saxtakarlığa əl atan İlduzə Hüseynovanın dedikləri ilə oturub durur. Vazeh Əskərovun qəbulunda olduğum zaman mən buna yüz faiz əmin oldum”.

ADNSU-nun ictimiayyətlə əlaqələr şöbəsindən Bəhruz Nəzərov Meydan TV-yə bildirib ki, ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələr bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur:

““Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun hərəkət edilib. Əsasnaməyə əsasən, Zümrüd Qurbanovanın 5 ili tamam olub. Müsabiqəyə qədər də işsiz qalmaması üçün iki aylıq müqavilə imzalanıb. Zümrüd Qurbanova müsabiqədən keçməyib, bununla da əmək müqaviləsinə xitam verilib. Sonradan universitetə dəvət olunaraq, ona başqa bir iş təklif edilib, lakin istəməyib. Zümrüd Qurbanova məsələ ilə bağlı məhkəməyə də müraciət edib. Amma məhkəmə onun şikayətini təmin etməyib”.

Elm və Təhsil Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.









Xəbəri paylaş


 
 


Xəbər lenti