“1600 manata düşərgə olar?!“ - Keçmiş deputatdan ETİRAZ

 
8-07-2022, 13:21            58 dəfə baxılıb
Tədris ili sona çatıb. Hər bir valideyn istəyir ki, övladı yay tətilində vaxtını səmərəli keçirsin. Əvvəllər şagirdlər üçün düşərgələr vardı, SSRİ dağılandan sonra Azərbaycanda uşaqların yay istirahəti mərkəzləri ya dağıdıldı, ya da özəlləşdirildi, bəzilərində isə qaçqın və məcburi köçkünlər yerləşdirildi.

Hazırda müxtəlif özəl şirkətlər məktəblilər üçün yay düşərgələri təşkil etsə də, qiymətlər hər kəsin cibinə uyğun deyil. Ən ucuz düşərgədə istirahət haqqı 70-100 manatdan başlayıb 1600 manatla bitir.

Təklif edilən düşərgələr əsasən bölgələrdə yerləşir. Qiymətə nəqliyyat, otaq, qida, əyləncələr, idman oyunları və ingilis dillinin tədrisi daxil edilir. Hətta bəzi düşərgələrdə 4 dil – yapon, alman, rus, ingilis dilləri də tədris olunur.

Elə qiymət yüksəkliyini də şirkətlər xarici dil kurslarının təşkili ilə izah edir. Əyalətmedia.az-ın məlumatına görə, mövzu ilə bağlı Yenisabah.az-a danışan Respublika Uşaq Təşkilatının sədri olmuş sabiq deputat Gülər Əhmədova bildirib ki, düşərgələr üçün bu cür qiymətlər absurddur:

“1600 manata düşərgə olar?! Xarici dilin bura nə aidiyyəti var? Gülməlidir. Gündəlik hər uşağa 3 dəfə yeməyi 4 manatdan hesablasaq, 10 günü 40 manat, 20 günü 80 manata gəlib çıxır. Tutaq ki, indi qiymətlər artıb, yeməyi 4 yox, 8 manatdan hesablayırlar. Yenə də çox bahadır.

Düşərgədə şagirdlərə müəllimlər də təklif edirlər, guya qiymətlər buna görə bahadır. Axı düşərgədə müəllimə ehtiyac yoxdur. Yay istirahəti şagirdlərə ona görə verilir ki, onlar dincəlsin. Yay ona görə deyil ki, uşaq bütün tətili dərs oxusun, məsələ-misal həll eləsin.

Uşağın beyni də, bədəni də dincəlməlidir. Onlar yayda qaçıb tullanmalı, fiziki əyləncələrlə məşğul olmalıdırlar. Bunun əksini təklif edənlər uşaq psixologiyasından bixəbər insanlardır.

Həqiqətən də, bu gün kommersiya hər şeydən önə keçib. Axı o şagirdlərə yayda 4 dil tədris etmək düşmənçilikdir. Kim uşağına düşməndirsə, yayda onu stol arxasına əyləşdirib məcbur edər ki, otur, dərs oxu. O uşaqlara çayda, dənizdə üzmək, günəş işığı qəbul etmək, ağaca dırmaşmaq, müxtəlif idman hərəkətləri lazımdır. Onlar meşəyə, dağlara ekskursiyalara getməlidirlər”.

G. Əhmədova qeyd edib ki, düşərgə təşkilatçıları işində peşəkar, uşaq psixologiyasına dərindən bələd insanlar olmalıdır:

“Azərbaycanda hər şeyi tərsinə başa düşürlər. Hansı ağıllı adam yayda uşağına 4 dil öyrədər?!

Bu işlə peşəkarlar məşğul olmur. Uşaqla məşğul olmaq üçün pedaqoq, uşaq psixologiyasını yaxşı bilən insanlar lazımdır. Çox müəllim tutmaq, daha çox şey öyrətməyə çalışmaq uşağın xətrini çox istəmək demək deyil. Uşağın min dərdi var.

Əlbəttə, uşaq oxumalı, savadlı olmalıdır, amma bu, yeganə məqsəd deyil. Hər uşaq individualdır, bunu nəzərə almaq lazımdır. Təəssüf ki, bunu nəzərə alan yoxdur”.





Xəbəri paylaş


 
 


Xəbər lenti