Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..

 
26-11-2024, 11:52            112 dəfə baxılıb
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi abadlıq işlərinin satın alınmasl ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Proqress İnşaat En" MMC seçilib. Abadlıq işlərinə görə şirkətə 1 803 006,02 manat ödəyəcək.

Xırdalan icra nümayəndəliyinin ötən ay yolların təmiri ilə bağlı keçirdiyi tenderin də qalibi "Proqress İnşaat En" şirkəti olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 1 478 634,87 manatdır.

Sentyabr ayında isə "Proqress İnşaat En" şirkəti icra nümayəndəliyinin iki tenderinin qalibi seçilib. Tenderlərdən biri Xırdalan şəhərində küçə işıqlarının, digəri isə Xırdalan şəhərində mənzil fondunun təmiri işlərinin satın alınması ilə bağlı keçirilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin maliyyə dəyəri 213 664,69 manat və 627 583 manatdır.

Beləliklə, "Proqres İnşaat En" şirkəti sentyabr-noyabr aylarında toplam maliyyə dəyəri 4 122 888,58 manatlıq 4 tenderin qalibi seçilib.

"Proqress İnşaat En" şirkəti 29 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN-dir. Şirkətin qanuni təmsilçisi İslamov Nazim Əli oğludur.

3 ildir fəaliyyət göstərən şirkət fəaliyyətə başladığı qısa müddət ərzində xeyli sayda tenderin qalibi olub. Bu səbəbdən şirkət "tender kralı" kimi tanınır.

Lakin çox sayda tenderin qalibi olan bu şirkət haqqında heç bir məlumata rast gəlinmir. Bu baxımdan, Xırdalanda həm küçə işıqlarını, həm yolları, həm mənzil fondunu təmir edəcək, həm də abadlıq işləri aparacaq şirkətin maddi-texniki imkanlarının buna cavab verdiyini söyləmək çətindir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 2022-ci ildən rayona rəhbərlik edir.

Abdin Fərzəliyevin icra başçısı kimi karyerası isə 2003-cü ildən başlayır. O, 2003-2005-ci illərdə Nəsimi rayonunun, 2005-2022-ci illərdə isə Nərimanov rayonun icra başçısı vəzifəsində işləyib.

Onun Xırdalan şəhəri üzrə nümayəndəsi isə Malik Məmmədovdur.






Xəbəri paylaş


 
 


Xəbər lenti