“Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir?

 
29-11-2024, 11:42            90 dəfə baxılıb
Marketlərdə saxta endirimlərlə bağlı sosial şəbəkələrdə növbəti görüntü yayılıb. Videoda məhsulun qiymətinin süni şəkildə qaldırılıb, ardınca əvvəlki qiymətindən də artığına “endirildiyi” kadrları yer alıb. Nəticədə istehlakçılar saxtakarlığın qurbanı olur.
Mövzu ilə bağlı Axar.az-a danışan qida eksperti Ağa Salamov bildirib ki, saxta endirim strategiyaları süni qiymət artımına gətirib çıxaran amillərdən biridir və istehlakçıların aldadılması deməkdir.
“Süni endirim edən mağaza sahibləri anlamalıdır ki, “endirim” etdikləri məhsulun qiyməti 3 manat olduğu halda, 5 manata qaldırılıb, ardınca yenidən 3 manata “endirilib”sə, insanlar həmin məhsulun həqiqi dəyərini 5 manat kimi qəbul edir. Bu isə birbaşa istehlakçıların hüquqlarının pozulmasına və ölkədə süni qiymət artımına gətirib çıxarır.
Bununla bağlı İqtisadiyyat Nazirliyi monitorinq aparsa, yaxşı olar. Marketlərdə aparılan monitorinqlər zamanı əslində məhsulun “endirim” adı altında öz qiymətinə satıldığı aşkar oluna bilər”, - o əlavə edib.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə deyib ki, saxta və ya şişirdilmiş endirimlər olan halda istehlakçılar dövlət orqanlarına müraciət edərək, mağaza sahibini 1500 manatdan 5000 manatadək cərimələtdirə bilər:
“Bu məsələ ən çox ərzaq mağazalarında olur. Saxta endirimlər zamanı istehlakçıların hüququ pozulur və bununla bağlı şikayət çoxdur. Mağazalarda saxta endirimləri müəyyənləşdirmək çox vaxt istehlakçıların üzərinə düşür. Belə hallarla qarşılaşan istehlakçılara 195 qaynar xətti ilə İqtisadiyyat Nazirliyinə müraciət etmələrini tövsiyə edirəm”.



Xəbəri paylaş


 
 


Xəbər lenti