DSX-nın 30 hərbçisindən RƏHBƏRLİYƏ ETİRAZ - Prezidentin fərmanının icrasına Elçin Quliyev mane olur?

 
4-12-2024, 12:20            92 dəfə baxılıb
Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər şəxslərinin qanunsuz əməlləri ilə bağlı “Hürriyyət”də dəfələrlə məlumat vermişik. Məhz bu yazılardan sonra redaksiyamıza çoxsaylı informasiyalar daxil olmaqdadır. Bu dəfə də qurumun məlum səbəblərdən adlarının açıqlanmasını istəməyən 30 nəfərə yaxın hərbi qulluqçusu tərəfindən şikayət olunub.
“Müraciətimiz vaxtilə dövlət qulluğu imtahanlarında yüksək bal toplayaraq "Daimi Dövlət Qulluğu"na qəbul edilmiş, işləmiş və sonradan sərhədçi peşəsini seçən və Dövlət Sərhəd Xidmətinin bir çox hərbi hissələrində xidmət edən 30 nəfərə yaxın hərbi qulluqçuya "ilkin zabit rütbələri"nin verilməməsi ilə bağlıdır”, - deyən şikayətçilər yazır ki, Prezident İlham Əliyevin "Xüsusi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası"nın təsdiq edilməsi haqqında 21 iyun 2021-ci il tarixli, 1371 nömrəli fərmanı Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən icra edilmir:
“4 il bundan əvvəl Müzəffər Ali Baş komandanımız fərman imzalamasına baxmayaraq, Dövlət Sərhəd Xidmətinin aidiyyəti şəxsləri bu fərmanda qarşıya qoyulmuş tapşırıqları həl də yerinə yetirməyiblər. Fərmanın icrası ilə bağlı aidiyyəti şəxs və ya şəxslər heç bir tədbir görmədən Dövlət Sərhəd Xidməti rəisinin adından fərmanın Dövlət Sərhəd Xidmətinə aidiyyəti olmadığını, əksinə, bu fərmanla "ilkin zabit rütbələri"nin verilməsi məsələsinin qəti qadağan olunmasını söyləmişlər. Halbuki, Dövlət Sərhəd Xidmətinin generalları qohum və tanışlarına, xüsusi tapşırılmış hərbçilərə rütbələr paylayırlar”.
Fərmanın tələblərinin yerinə yetirilməməsinin səbəbinə gəldikdə isə, şikayətçilər hesab edir ki, burda bir neçə səbəb ola bilər: “Ya DSX rəisinin yaxın ətrafının məlumatı var, qərəzli şəkildə məruzə olunmur ki, onu nifuzdan sansınlar. Ya da Xidmət rəsinin öz göstərişləri əsasında cənab Prezidentin fərmanı icra olunmur.
Bildirmək istəyirik ki, cənab Prezidentin sözügedən fərmanı digər hüquq-mühafizə orqanlarında, həmçinin Müdafiə Nazirliyində belə, icra olunur”.
Məlumata əsasən, hərbçilərin özləri, eləcə də valideyinləri bu və ya digər məsələlərlə bağlı Dövlət Sərhəd Xidmətinin rəsmi internet saytına və DSX rəisinə yazılı müraciət etdikdə, onlara "töhmət", "şiddətli töhmət", eləcə də "işdən çıxarılma" və.s cəzalar verilir.
“Biz sərhədçilər inanırıq ki, cənab Xidmət rəisi, general-polkovnik Elçin Quliyevin bu məsələlərdən xəbəri yoxdur. Güman ediriki ki,  DSX rəisi möhtərəm canab Prezidentimiz İlham Əliyevin fərmanının icrasına biganə qalmayaraq, icrası üçün aidiyyəti tapşırıq və göstərişlərini verəcəkdir.
Axı, biz sərhədçilər Vətənimiz Azərbaycanın bütün sərhəd hüdudlarını göz bəbəyimiz kimi qoruyur, gecə-gündüz dayanmadan, yorulmadan Vətənimizə sədaqətlə xidmət edirik.
16 aprel 2023-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisi cənab general-polkovnik Elçin Quliyev CBC televiziya kanalına müsahibə verərkən jurnalisin “Azərbaycan zabiti necə olmalıdır” sualına Ümummilli lider Heydər Əliyev siyasətinə dayanaraq, "Azərbaycan zabiti ləyaqətli olmalıdır, dəyanətli olmalıdır, peşakar olmalıdır, dövlətinə, xalqına, Prezidentinə sədaqətli olmalıdır. Məhz bu keyfiyyətlər hər bir zabitin gələcəkdə inkişafı yolunu açır. Mən düşünürəm ki, Azərbaycan zabiti belə olmalıdır", - demişdi.
Bəli, biz sərhədçilər də dahi öndərimiz, Ümummilli lider Heydər Əliyevin xatirələrini qəlbində daşıyan, yaşadan cənab Xidmət rəisimizdən ədalətli qərarlar verməyi səbrsizliklə gözləyirik”, - deyə şikayətçilər bildirir.
Sonda o da vurğulanır ki, hərbçilərin qeyd olunan tələbləri yerinə yetirilməsə, valideyinləri yığışıb Prezident Administrasiyasına şikayətə gedəcəklər.
“Hürriyyət”
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 



Xəbəri paylaş


 
 


Xəbər lenti