Məhkəmə “səhiyyə naziri olacam” deyən sabiq baş həkimlə bağlı QƏRAR ÇIXARDI

 
15-07-2022, 11:20            55 dəfə baxılıb
 Ali Məhkəmədə 1 saylı Şəhər Dəri-zöhrəvi Dispanserinin baş həkimi olmuş Rəşad İsmayılovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.Əyalətmedia.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Qeyd: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İsmayılov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə istintaqı dövründə o, ittihamlarını qəbul etmədiyini deyib. R.İsmayılov bildirib ki, o, Sürəyya Qasımovadan pulu borc alıb.

R.İsmayılov qeyd edib ki, ittihamda bəhs olunan 280 min manat ona birdəfəyə verilməyib.

Prosesdə S.Qasımova şahid qismində dindirilib. Söyləyib ki, R.İsmayılovla ünsiyyəti olub, bir-birlərinin yanına xəstə göndərirmişlər.

O deyib ki, R.İsmayılov ondan birinci dəfə 700 manat borc istəyib: "Ümumilikdə ona 280 min manat pul vermişəm. Bir avtobusumuz vardı, onu, "Pajero" maşınımızı satdıq..."

Amma S.Qasımova məhkəmədə bu pulları baş həkim təyin olunmaq üçün verdiyini demək istəməyib.

Məhkəmə istintaqdakı ifadəsini ona xatırladıb. Həmin ifadədə bildirib ki, R.İsmayılov özünün yaxın vaxtlarda səhiyyə naziri təyin ediləcəyini, onu da Koordiologiya İnstitutuna baş həkim təyin etdirəcəyini söyləyib.

Sualları cavablandıran şahid deyib ki, o, sinir xəstəlikləri üzrə ixtisaslaşmış həkimdir. Lakin o, Elmi-Tədqiqat Koordiologiya İnstitutuna baş həkim təyin olunmaq istəyirmiş.

S.Qasımova təsdiqləyib ki, həyat yoldaşı iki dəfə pulu Vüsal Əliyev adlı şəxsə verib.

Təqsirləndirilən sabiq baş həkimin Samir Şahbazov adlı şəxsdən də pul aldığı iddia olunur. R.İsmayılov həmin vəsaiti də borc aldığını bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə R.İsmayılovun həmin vəzifədə işləyərkən iş üçün ona müraciət etmiş şəxsə özünün yaxın vaxtlarda guya Azərbaycanın səhiyyə naziri vəzifəsinə təyin olunduqdan sonra onu müvafiq tibb müəssisəsinə baş həkim vəzifəsinə təyin edəcəyi barədə yalan vəd verərək həmin vətəndaşın ümumilikdə 280 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə və vətəndaşı bilə-bilə qanunsuz hərəkətlərə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.

İş üzrə toplanmış sübutlar əsasında R.İsmayılova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə rüşvət vermə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.






Xəbəri paylaş


 
 


Xəbər lenti