Heydər Əliyev elm və təhsilin himayədarı idi
8-05-2025, 13:15
10 May - Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin doğum günüdür.Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”,- deyən dahi rəhbər təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb. Bu istiqamətdə həyata keçirilən islahatlar təhsilin bütün pillələrini və maddi-texniki bazasını əhatə edib. Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün sahələrə, ocümlədən elm və təhsilə diqqət və qayğı daha da artırıldı. Bu təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir.1993-cü ilin iyununda xalqın istəyi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan mədəniyyətinə yeni ab-hava gətirdi. Təhsil işçiləri, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olundular.1998-ci ilin martında "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının yaradılması haqqında" sərəncamı imzalaması isə bu sahədə təkmil qanunverici bazanın formalaşdırılması, təhsil konsepsiyasının hüquqi əsaslarının yaradılması məqsədindən irəli gəlmişdi. Çox qısa müddətdə komissiyanın hazırladığı "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı" geniş müzakirələrdən sonra 1999-cu ilin iyununda imzalanaraq qüvvəyə minmişdi. Həmin proqram ölkəmizdə təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, milli təhsil ənənələrinə sadiq qalmasını da təmin etdi.Heydər Əliyevin "İnsan təhsilin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır" - konseptual göstərişini əsas tutaraq ümumi orta təhsil sistemində də bu müddət ərzində ciddi irəliləyişlər əldə olunub. Ulu öndər təhsil haqqında deyib: “Təhsil millətin gələcəyidir; Mən millətimdən yüksək ad tanımıram; Müəllim sənəti şərəfli bir sənətdir”.Siyasi mübarizədə müdriklik və qətiyyət, həyatda praqmatizm, dövlət idarəçiliyində ustalıq - Heydər Əliyev siyasi məktəbinin əsasını təşkil edən bu amillər Vətənə və xalqa xidmət naminə real siyasətlə məşğul olan hər bir kəs üçün tarixi örnəkdir. Çünki Heydər Əliyev şəxsiyyəti özlüyündə bir tarixi hadisə idi. Bu böyük insanın ideyaları bundan sonra da daim yaşayacaq, gələcək nəsillərə örnək olaraq qalacaqdır.Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bundan sonra da davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır.
Xəyyam Fərəcov
248 №-li Tam orta məktəbin direktoru
Xəbəri paylaş



























