Aliment ödəməyənlərin sayı sürətlə artır: Dövlət hansı tədbirləri görməyə hazırlaşır?
Bu gün, 10:11
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ötən il aliment ödəməkdən yayınan 4 299 nəfər barəsində inzibati xəta protokolu tərtib olunub. Onlardan 2 344 nəfər inzibati qaydada həbs edilib. Bundan başqa, 235 nəfərlə bağlı cinayət işi başlanılıb.Bu barədə İTV-nin videomaterialında məlumat verilib.
Statistika göstərir ki, alimentin ödənilməməsi hələ də minlərlə ailənin əsas sosial problemlərindən biri olaraq qalır. Bir çox hallarda məhkəmə qərarı olsa belə, alimentin ödənilməsi təmin olunmur və uşaqların bütün yükü valideynlərdən birinin üzərinə düşür.
Mütəxəssislərin sözlərinə görə, aliment ödəməyən şəxslərin böyük hissəsi ya rəsmi gəliri olmayan, ya da məsuliyyətdən yayınan şəxslərdir. Bu isə alimentin icra prosesini çətinləşdirir. Məhz bu səbəbdən son dövrlər aliment fondunun yaradılması məsələsi yenidən gündəmə gəlib.
Təklif olunan modelə əsasən, dövlət əvvəlcə aliment məbləğini ödəyir, daha sonra həmin vəsaiti borclu şəxsdən geri alır. Lakin bəzi ekspertlər bu mexanizmin real olmadığını düşünürlər.
Millət vəkili Jalə Əliyeva mövzu ilə bağlı bildirib:
“Aliment fondunun yaradılması yalnız illərdir ödənişi edə bilməyən şəxslərə şamil oluna bilər. Məsələn, bu gün boşanıb, sabah həmin şəxsə aliment fondundan vəsait ödənilməsi doğru olmaz. Bunun obyektiv və qeyri-obyektiv tərəfləri də nəzərə alınmalıdır. Bu fonddan sui-istifadə halları da mümkündür və nəticədə boşanmaların sayı arta bilər”.
Mütəxəssislər qeyd edirlər ki, bir sıra ölkələrdə aliment fondları dövlət subsidiyaları və yüksək sosial təminat hesabına fəaliyyət göstərir. Azərbaycanda isə əsas problemlərdən biri aliment ödəməyən şəxslərin müəyyən hissəsinin rəsmi gəlirinin və sabit iş yerinin olmamasıdır.
Xəbəri paylaş



























