"Apple"ın unudulan qurucusu: 400 milyard dollardan niyə imtina etdi?

 
Bu gün, 10:59           
Bu gün "Apple” deyildikdə hər kəs Stiv Cobsu tanıyır, bir qədər maraqlananlar isə Stiv Voznyakın adını xatırlayır. Lakin şirkətin qurulmasında çox mühüm rol oynamış üçüncü bir şəxs də var: Ronald Q. Ueyn. O, "Apple”ın əsasını qoyan üç nəfərdən biri olsa da, cəmi 12 gün sonra tərəfdaşlıqdan ayrılıb.

Qaynarinfo xəbər verir ki, 2026-cı ildə dünyanın ən dəyərli markası statusunu qoruyan "Apple”, "iPhone”dan "App Store”a qədər bir çox yeniliklərlə texnologiya dünyasını dəyişdirərkən, Ronald Q. Ueyn bu nəhəng qurumun təməli atıldıqdan çox qısa müddət sonra şirkətdən ayrılma qərarı verib. O dövrdə 41 yaşlı Ueyn, 20 yaşlarında olan Stiv Cobs və Stiv Voznyakla birlikdə işləyirdi və komandanın daha təcrübəli üzvü hesab olunurdu.

"Apple Computer, Inc.” 1 aprel 1976-cı ildə rəsmi olaraq yaradıldıqda səhmlərin 10 faizi Ronald Q. Ueyndə, 90 faizi isə iki Stiv arasında bərabər bölünmüşdü. Ueyn yalnız formal ortaq deyildi. O, şirkətin ilk loqosunu – ağac altında İsaak Nyutonun təsvir olunduğu illüstrasiyanı özü hazırlamış, "Apple-1” üçün istifadə təlimatını yazmış və təsisçilər arasında yaranan mübahisələrdə vasitəçi rolunu oynamışdı.


400 milyard dollarlıq paydan imtina

Cəmi 12 gün sonra Ueyn bütün hüquqlarından imtina edərək öz səhmlərini 800 dollara satıb. Daha sonra ona əlavə olaraq 1500 dollar da ödənilib. Əgər o, 10 faizlik payını saxlasaydı, bu gün təxminən 400 milyard dollarlıq sərvətə sahib ola bilərdi.

Hazırda 91 yaşında olan Ronald Q. Ueyn qərarına görə peşman olmadığını bildirir. Onun sözlərinə görə, o dövrdə Cobsun ilk böyük sifarişləri yerinə yetirmək üçün borc götürməsi onu narahat edib. Gənc tərəfdaşlardan fərqli olaraq evi və avtomobili olduğu üçün riskləri daha ciddi qiymətləndirib və şəxsi məsuliyyət qorxusu ilə bu addımı atıb. Bu qərar tarixdə ən böyük maliyyə itkilərindən biri kimi göstərilir. Maraqlı detal olaraq, Ueyn son illərdə alma ətirli pivə istehsal edən bir brendin reklam siması kimi də çıxış edib.





Xəbəri paylaş


 
 


Xəbər lenti