“Heç bir vəsait qoymadan “şərik” oldu, 380 min manatımı ələ keçirdi”

 
Bu gün, 13:46           
“MİR TƏMİR TİKİNTİ” MMC-nin rəhbəri Mirməbud Abbasov külli miqdarda pulunun ələ keçirildiyini iddia edir.“Qafqazinfo”ya müraciət edən iş adamı şəriki tərəfindən 380 min manat pulunun mənimsənildiyini deyir.
O bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 20 saylı Yol İstismar İdarəsinin rəisi Mirqiyas Kazımovun əməlləri ilə bağlı dövlət qurumlarına şikayət edib: “Mən “MİR TƏMİR TİKİNTİ” MMC-nin təsisçisi və direktoruyam. Müəssisə 2022-ci ili fevral ayında təmir tikinti fəaliyyəti ilə məşğul olmaq məqsədilə təsis edilib. Həmin vaxt 20 saylı Yol İstismar İdarəsinin rəisi Mirqiyas Kazımov mənə “şəriklik” təklif etdi və razılaşdım. Onun səyləri ilə “MİR TƏMİR TİKİNTİ” MMC-nin adından ″BAKI 1 №-Lİ YOL İSTİSMARI″ MMC və ″17 №-Lİ XÜSUSİ TƏYİNATLI YOL İSTİSMARI″ MMC-lərlə təmir-tikinti işlərinin görülməsi haqqında müqavilələr bağladıq. Bu müqavilələrin bağlanmasında M.Kazımovun başlıca rolu oldu. Adı şəriklik olsa da, görülmüş işlərə Mirqiyas Kazımov heç bir vəsait qoymadı. İşlərin hamısı mən Mirməbud Abbasovun şəxsi vəsaiti ilə icra edildi”.
Şikayətçi bildirib ki, “şərikli” müəssisənin mühasibat işlərinin aparılması Mirqiyas Kazımovun dostu “BERC GROUP” şirkətinin rəhbəri Kənan Ağayevə həvalə edilib: “Biz müəssisənin möhürünü və ASAN İmza nömrəsini Kənan Ağayevə təhvil verdik. Mən öz vəsaitimlə Bakı-Quba yolunda təmir tikinti işləri apardım, işləri yekunlaşdırıb təhvil-təslim aktı ilə işləri təhvil verdim. Gördüyüm işlərin pulu müəssisənin hesabına daxil olan kimi Mirqiyas Kazımov və Kənan Ağayev pulları öz yaxın adamlarının bank hesablarına, müxtəlif istiqamətlərə köçürərək nağdlaşdırılmasına nail olublar. Eyni zamanda cəmiyyətin direktoru kimi mənim xəbərim olmadan “MİR TƏMİR TİKİNTİ” MMC-nin adından müxtəlif layihələrdə çıxış edərək vergidən yayınıblar”.
Mirməbud Abbasov baş verənlər barədə dəfələrlə müxtəlif dövlət orqanlarına şikayətlər edildiyini əlavə edib: “Sözügedən problemlə bağlı qurumun sabiq rəhbəri Saleh Məmmədovun qəbulunda olub şikayət etməyimə baxmayaraq, heç bir müsbət nəticə əldə edilmədi. Nəticədə, pul qazanmaq üçün şəxsi evimi satıb təmir-tikinti işləri aparmaq həvəsinə düşmüş biri kimi Abbasov hazırda acınacaqlı vəziyyətdəyəm. Üstəlik qarşı tərəfin hədə qorxusu ilə üzləşməkdəyəm”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğumuza cavab olaraq bildirildi ki, müraciətdə adı qeyd olunan Mirqiyas Kazımov hazırda həmin qurumda çalışmır: “Müraciətdə qeyd edilən hallar hüquqi xarakter daşıdığından, həmin məsələlərin araşdırılması və hüquqi qiymət verilməsi aidiyyəti hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aiddir. Bununla bağlı tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq dövlət orqanlarına müraciət etmək hüququ var”.
Hazırladı: Aslan Vəliyev
Fotoda: Mirməbud Abbasov

Fotoda: Mirqiyas Kazımov

Fotoda: Kənan Ağayev

















Xəbəri paylaş


 
 


Xəbər lenti