Qərb "Ukrayna modeli"ni Ermənistana niyə gətirir: İki milyardlıq "Qafqaz planı" Rusiya üçün əsl kabusa çevrilir
Bu gün, 10:58

Avropa Birliyinin Cənubi Qafqaza yönəlik "sülh qarşılıqlı bağlılıq vasitəsilə mümkündür" tezisi indi yeni regional geopolitik mərhələ üçün daha böyük əhəmiyyət daşıyır... Çünki bu, əslində, regional kommunikasiya xətlərinin açılması, münasibətlərin normallaşdırılması və iqtisadi inteqrasiyanın sürətləndirilməsi üzrə yeni strategiyanın tərkib hissəsidir...
Qərb siyasi dairələri böyük sürətlə Ukraynada "savaş bataqlığı"na düşmüş Rusiyanın "arxa bağçasına" daxil olmağa çalışırlar. Bu baxımdan, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Ermənistana səfəri Cənubi Qafqazda yeni geopolitik mərhələnin başlanğıcı hesab olunur. Qərbdən verilən son mesajlar onu göstərir ki, Avropa Birliyi artıq Ermənistanı yalnız siyasi tərəfdaş kimi deyil, həm də regionun gələcək iqtisadi, enerji və nəqliyyat-kommunikasiya arxitekturasında əsas həlqələrdən biri kimi qəbul edir.Təbii ki, bu, uzun illər Rusiyanın şəriksiz dominant təsir dairəsi hesab olunan Cənubi Qafqaz uğrunda rəqabətin artıq tamamilə yeni qarşıdurma mərhələsinə keçdiyini təsdiqləyir. Bu baxımdan, Ursula fon der Lyayenin "Sülh qarşılıqlı bağlılıqdan keçir" tezisi təsadüfi ifadə deyil. Belə ki, Avropa Birliyi son illərdə geopolitik strategiyasını hərbi gücdən daha çox iqtisadi inteqrasiya, infrastruktur layihələri, enerji təhlükəsizliyi və ticarət əlaqələrinin genişləndirilməsi üzərində qurmağa çalışır.
Elə məhz bu yanaşmanın davamı kimi, Avropa Birliyi Cənubi Qafqaz üçün "Sülh qarşılıqlı bağlılıq vasitəsilə" proqramını elan edib. İlkin mərhələdə bu istiqamətə 200 milyon avroluq maliyyə paketi ayırdığını açıqlayıb. Bununla yanaşı, Avropa Komissiyası həmin vəsaitin perspektivdə 2 milyard avroya qədər artırıla biləcəyini də bəyan edib. Və bu, artıq yalnız sadəcə, maliyyə dəstəyi deyil, həm də regionun geoiqtisadi transformasiyasına yönəlmiş geostrateji investisiya planıdır.

Onu da qeyd etmək lazımdır ki, Qərb siyasi dairələri Ermənistanın iqtisadi asılılığını Rusiyadan Avropa bazarına doğru yönəltməyə çalışırlar. Avropa Komissiyasının rəhbəri açıq şəkildə bəyan edib ki, əgər, Kreml Ermənistan məhsullarına Rusiya bazarını bağlayarsa, Avropa Birliyi 450 milyon istehlakçısı olan vahid bazarını açmağa hazırdır. Və eyni zamanda, Avropa Birliyi yaxın vaxtlarda Ermənistan ixracının təxminən 80 faizini əhatə edəcək muxtar ticarət güzəştlərinin tətbiqinə hazırlaşdığını da açıqlayıb.
Bütün bunlar Ermənistanın xarici ticarət marşrutlarının və ixrac bazarlarının mərhələli şəkildə dəyişdirilməsinə xidmət edir. Halbuki, indiyə qədər Ermənistan iqtisadiyyatının önəmli hissəsi məhz Rusiya bazarından asılı olub. Və bu baxımdan, Avropa Birliyinin təklif etdiyi alternativ bazarlar isə Ermənistan iqtisadiyyatının gələcək inkişaf trayektoriyasını tamamilə dəyişdirə bilər.
Digər tərəfdən, enerji təhlükəsizliyi məsələsi də Avropa Birliyinin yeni strategiyasında xüsusi yer tutur. Belə ki, Avropa Birliyinin yaxın vaxtlarda Ermənistana xüsusi ekspert qrupu göndərəcəyi bildirilir. Həmin mütəxəssislər Ermənistanın enerji idxalının şaxələndirilməsi və bu sahədə Rusiyadan asılılığın azaldılması istiqamətində fəaliyyət göstərəcəklər. Üstəlik, Avropa Komissiyası bu sahədə Ukrayna və Moldovada əldə etdiyi təcrübədən istifadə etməyi planlaşdırır.
Məsələ ondadır ki, son illərdə həm Ukraynanın, həm də Moldovanın Avropa enerji sisteminə inteqrasiya prosesi sürətləndirilib. Beləliklə də Rusiyanın enerji faktorunu təzyiq vasitəsinə çevirmək imkanları əhəmiyyətli dərəcədə məhdudlaşıb. İndi isə Avropa Birliyi oxşar modeli Ermənistanda tətbiq etməyə çalışır. Əgər, bu plan uğurla həyata keçirilərsə, Rusiyanın Ermənistan üzərindəki ən önəmli təzyiq alətlərindən biri də ciddi şəkildə zəifləyə bilər.

Bütün bunlara paralel olaraq, Ursula fon der Lyayenin "Rusiya Ermənistanın Avropa ilə yaxınlaşmasının qarşısını almağa çalışır, ancaq biz buna imkan verməyəcəyik" bəyanatı olduqca sərt siyasi mesajıdır. Əslində, bu, həm də Avropa Birliyinin artıq Cənubi Qafqaz uğrunda geopolitik rəqabəti açıq müstəviyə keçirdiyini də göstərir. Çünki Brüssel ilk dəfə olaraq, bu qədər açıq şəkildə Rusiyanın Ermənistana təzyiq göstərdiyini bəyan edir. Və eyni zamanda da rəsmi İrəvana həm siyasi himayə, həm də iqtisadi təminat vəd edir.
Ancaq buna baxmayaraq, Paşinyan hakimiyyəti hələlik geopolitik balans siyasətini qorumağa çalışır. Belə ki, baş nazir Nikol Paşinyan açıq şəkildə bildirib ki, Ermənistan Avropa Birliyi ilə inteqrasiya prosesini davam etdirəcək. Bununla yanaşı, erməni baş nazir Rusiya ilə münasibətlərdə böhran yaratmaq niyyətində olmadığını da xüsusi vurğulayıb. Üstəlik, baş nazir Nikol Paşinyan Rusiya hökumətinin sədri ilə telefon danışığının özünün təşəbbüsü ilə baş tutduğunu da etiraf edib. Və onun ikitərəfli münasibətlərin müzakirəsinin davam etdirilməsi barədə razılığın əldə olunduğunu bildirməsi də maraqlı məqamdır.
Böyük ehtimalla bu balans siyasəti Ermənistanın hazırkı geopolitik reallığından irəli gəlir. Çünki bu ölkənin təhlükəsizlik sistemi, enerji infrastrukturu, iqtisadi əlaqələrinin önəmli hissəsi və miqrasiya axınları hələ də məhz Rusiya ilə olduqca sıx şəkildə bağlıdır. Digər tərəfdən isə Avropa Birliyi rəsmi İrəvana uzunmüddətli maliyyə dəstəyi, investisiya, bazarlara çıxış vəd edir. Və məhz belə bir vəziyyətdə Ermənistan hər iki istiqamət arasında mümkün qədər etibarlı geopolitik balans yaratmağa çalışır.

Bununla belə, Cənubi Qafqazdakı geopolitik proseslər onu göstərir ki, Ermənistanın bu balansı uzun müddət qoruması getdikcə, daha da çətin olacaq. Çünki həm Rusiya, həm də Avropa Birliyi Ermənistanın gələcək xarici siyasət kursunu birmənalı şəkildə yalnız öz strateji maraqları baxımından, qiymətləndirir. Belə ki, Kreml hələ də Cənubi Qafqazı Rusiyanın təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsi hesab edir. Avropa Birliyi isə bu regionu Orta Dəhliz, enerji marşrutları və Orta Asiya ilə əlaqələrin əsas qovşaqlarından biri kimi görür.
Təbii ki, bu geopolitik prosesdə məhz Azərbaycanın və Türkiyənin iştirak rolu da xüsusi əhəmiyyət qazanır. Çünki Avropa Birliyinin nəqliyyat və logistika layihələrinin böyük bir hissəsi Azərbaycan üzərindən keçən Orta Dəhlizlə birbaşa bağlıdır. Və Ermənistanın bu sistemə inteqrasiyası isə yalnız regionda davamlı sülhün təmin ediləcəyi təqdirdə, mümkün ola bilər.
Göründüyü kimi, bu baxımdan, Avropa Birliyinin "sülh qarşılıqlı bağlılıq vasitəsilə mümkündür" tezisi yeni geopolitik mərhələ üçün böyük əhəmiyyət daşıyır. Çünki bu, əslində, regional kommunikasiya xətlərinin açılması, münasibətlərin normallaşdırılması və iqtisadi inteqrasiyanın sürətləndirilməsi strategiyasının tərkib hissəsidir. Və Ermənistanın Rusiya ilə ənənəvi asılılıq modelindən tədricən uzaqlaşdırılmasını hədəfləyir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Xəbəri paylaş


























