Naxçıvanın yeni statusu erməniləri qorxuya saldı
Bu gün, 10:00
İddia olunur ki, bu status yalnız Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi ilə müəyyən oluna bilər - hüquqşünasın şərhiAvropa Komissiyasının Prezidenti Ursula fon der Lyeyenin Azərbaycana səfəri zamanı Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantının inkişafı üçün 200 milyon avroya qədər qrant ayrılacağı barədə dedikləri Ermənistanın bəzi dairələrində dolaşıq rəylər yaradıb. Lyeyenin Naxçıvan üzərindən dəmir yolu əlaqəsinin açılmasından da bəhs edib.
Erməni mediası bu kontekstdə iddia edir ki, yolun açılması üçün Naxçıvanın statusunu dəqiqləşdirmək lazımdır. Bildirilir ki, Azərbaycanın Naxçıvan Konstitusiyasını dəyişdirməsi və Qars müqaviləsinə istinadı aradan qaldırması muxtar respublikanın statusunu aydınlaşdırmayıb. İddia olunur ki, bu status yalnız Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi ilə müəyyən edilə bilər. “Məhz buna görə də Bakı Ermənistan Konstitusiyasında dəyişikliklər tələb edir”, - deyə iddiada bildirilir.
Yada salaq ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişib. Muxtar Respublikanın Konstitusiyasının Preambula hissəsində qeyd edilib ki, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulub. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilib. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb. 1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü konstitusiyası qəbul edilib. Naxçıvan Muxtar Respublikasının bu konstitusiyasının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən konstitusiyası təşkil edir. Yeni reaksiyada qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.
Bəs ermənilərin Naxçıvanın statusu ilə bağlı yeni iddiasının məqsədi nədir?

Tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri Naxçıvanın Azərbaycanın himayəsi altında muxtar ərazi statusunu tanıyırdı və onun üçüncü dövlətə verilməməsi prinsipini ehtiva edirdi: “Moskva və Qars beynəlxalq müqavilələrinin imzalanmasından əvvəlki illər bölgədə son dərəcə mürəkkəb və qarışıq, gərgin hərbi-siyasi və beynəlxalq şərait mövcud idi. 1918-1920-ci illərdə Naxçıvan vilayəti əvvəlcə İrəvan quberniyasının tərkibində qəza statusu ilə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində mübahisəsiz ərazi olub, sonra ayrı-ayrı vaxtlarda qısa müddətə Türkiyənin, Böyük Britaniyanın, ABŞ-ın, daşnak Ermənistanının nəzarəti altında olub. Lakin Naxçıvan əhalisi Azərbaycanla bir yerdə olduğunu bildirərək Xalq Cümhuriyyəti hökumətinə müraciət edib. Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Naxçıvanda general qubernatorluq yaradılıb. Ermənistanın daşnak hökuməti Zəngəzur və Naxçıvan vilayətlərinə iddia edirdi və sovet Rusiyası da ermənilərin bu iddialarını dəstəkləyirdi. RSFSR ilə daşnak, sonra isə sovet Ermənistanı arasında bağlanmış müqavilələrə görə Zəngəzur və Naxçıvan vilayətləri Ermənistanın ərazisi kimi tanınırdı. Lakin Naxçıvan əhalisinin qəhrəmancasına mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyətinin və Türkiyənin israrı nəticəsində Naxçıvan Azərbaycanın tərkibində qaldı. 1921-ci ilin əvvəllərində keçirilən rəy sorğusunda Naxçıvan bölgəsi əhalisinin 90 faizindən çoxu Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səs verdi. Yəni Moskva və Qars müqavilələri imzalanan ərəfədə Naxçıvan Azərbaycanın tərkibində ayrıca ərazi statusunda idi. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın muxtar ərazi statusunda başqa dövlətə güzəştə getməmək şərtilə Azərbaycanın tərkib hissəsi olması bir daha təsdiq edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirildi. Sovet hakimiyyəti dövründə Naxçıvanın Ermənistana verilməsi haqqında məsələ bir neçə dəfə qaldırılsa da, Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində məsələ ermənilərin istədiyi kimi həll olunmadı, lakin Naxçıvan ərazisinin bir hissəsi müxtəlif vaxtlarda Ermənistana verildi”.
Hüquqşünas onu da diqqətə çatdırdı ki, Naxçıvan Konstitusiyasından Qars müqaviləsinə istinadın çıxarılması beynəlxalq hüquqi yanaşma baxımından Mockva və Qars müqavilələrinin hüquqi taleyinə təsir göstərən amil hesab edilə bilməz.
Hüquqşünasın sözlərinə görə, Moskva və Qars müqavilərində işlədilən “Azərbaycanın himayəsi altında muxtariyyət” ifadəsi 1921-ci ilin siyasi-hüquqi reallığını əks etdirirdi. Bu ifadəni dəyişməz hüquqi norma kimi qəbul etmək düzgün olmaz: “Həmin müqavilələrin bağlanmasından keçən yüz ildən artıq bir dövr ərzində Naxçıvanın hüquqi statusu beynəlxalq müqavilələrdən konstitusion hüquq müstəvisinə transformasiya olunmuşdur. Bu transformasiya hüquqi varisliyi pozmamış, əksinə, onu yeni dövlətçilik mərhələsinə uyğunlaşdırmışdır. Buna görə də Naxçıvan Konstitusiyasında Qars müqaviləsinə istinadın çıxarılması, hüquqi baxımdan, Naxçıvanın statusunun zəifləməsi kimi deyil, onun artıq birbaşa Azərbaycan Respublikasının konstitusion suverenliyi çərçivəsində əsaslandırılmasının ifadəsidir. Bu gün Naxçıvanın hüquqi statusu yalnız həmin 2 tarixi müqavilələrlə şərtlənmir. Müasir beynəlxalq hüquqa görə Naxçıvanın statusunun hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası ilə yanaşı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, dövlətlərin ərazi bütövlüyü prinsipi, dövlətlərin suveren bərabərliyi prinsipi, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər və mövcud beynəlxalq praktika təşkil edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq birlik tərəfindən beynəlxalq hüquqda uti possidetis juris prinsipinə görə SSRİ dövründə mövcud olmuş inzibati sərhədlər əsasında tanınmışdır. Həmin prinsip yeni müstəqil dövlətlərin əvvəlki inzibati sərhədlər daxilində beynəlxalq hüququn subyekti kimi tanınmasını nəzərdə tutur.
Bu baxımdan da Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması yalnız Moskva və Qars müqaviləsinin deyil, həm də müasir beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsiplərinin nəticəsidir. Azərbaycanın 1995-ci il Konstitusiyasına görə Naxçıvan MR Azərbaycanın tərkibində muxtar dövlət statusuna malikdir. Yəni Azərbaycan dövləti Naxçıvanın siyasi muxtariyyətin ən yüksək forması statusunu tanıyır və təminat verir. Bu baxımdan Moskva və Qars müqavilələrinə istinadın Naxçıvan MR Konstitusiyasından çıxarılması məsələnin mahiyyətini dəyişdirmir və Naxçıvanın muxtariyyətinin ləğvi və ya Naxçıvanın statusunun dəyişməsi, beynəlxalq təminatların zəifləməsi kimi qiymətləndirilə bilməz.
Əksinə, bu dəyişiklik Azərbaycanın hüquqi siyasətində mühüm konseptual dəyişiklikdən xəbər verir. Tarixi müqavilələr dövlət yaddaşının mühüm hissəsi olaraq qalır, lakin dövlətin ərazi bütövlüyünün və suverenliyinin əsas hüquqi əsası artıq milli Konstitusiya və müasir beynəlxalq hüququn fundamental prinsipləridir. Yəni hüquqi müstəvidə Naxçıvanın statusu həm daxili, həm də beynəlxalq hüquq baxımından kifayət qədər möhkəm əsaslara malikdir. Ermənistan mediasında irəli sürülən iddialar, bu məsələnin hüquqi boşluq kimi təqdim edilməsi isə siyasi-psixoloji və informasiya mübarizəsinin elementi olmaqla hüquqi reallığı deyil, daha çox qərəzli interpretasiyanı əks etdirir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Xəbəri paylaş


























