Türkmənistandan Azərbaycana köçməsinə peşman etdilər... – Gömrükdə köhnə avtomobilinə və əşyalarına ayrı-ayrılıqda 10 min “rüsum” tələb edilir...

 
27-01-2025, 13:10            123 dəfə baxılıb
Azərbaycan vətəndaşı Əliyev Samir Qalaş oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, illərdir xaricdə yaşayıb, sonradan Azərbaycan vətəndaşdığını aldığından, ölkəmizə köçməyi qərara alıb. Lakin hazırda Dövlət Yol Polis İdarəsinin (BDYPİ) "Meyvəli” adlanan terminalında saxlanılan şəxsi avtomobilini və içərisindəki əşyaları çıxarmaq üçün ondan  10 min manatdan çox pul tələb olunur:
“Məlumat üçün bildirim ki, Rusiyada təhsil almışam. Bir çox şəhərlərdə olmuşam. Əvvəl ailəmlə birgə xarici vətəndaş olmuşuq. Sonradan prezidentin fərmanına əsasən, Türkmənistandan Azərbaycana köçərək, Azərbaycan vətəndaşdığını almışam.
34 ildir Türkmənistanda yaşayırdıq. Orada evtikmə kombinatında müdir işləmişəm. Hətta 1990-cı ilin müharibəsində Azərbaycan ordusuna əlimdən gələn qədər yardım etmişəm.
2021-ci il, iyunun 12-də Azərbaycan Respublikasının Prezidentinin əmri ilə Azərbaycan vətəndaşı olduq. Həyat yoldaşım rəhmətə getdiyi üçün, uşaqlarımın məsləhəti ilə tamamilə Bakıya köçməyi qərara aldım. Türkmənistandan əşyalarımı konteynerə yükləyərək, Bakıya gətirmək istədim. Başqa yol ilə həddindən artıq baha gəldiyi üçün, özüm qoşqu alıb, konteynerə qoşdum.
Türkmənistanda gömrük ödənişini etmişəm. 2 ay bundan qabaq əşyalarım gəlib “Meyvəli” bazarının yanındakı gömrük idarəsinə çıxdı. Əvvəl mənə bildirdilər ki, bütün əşyalara görə 10 min manat pul ödəməlisiniz. 10 min manat pul az deyil ki, mən bu məbləği ödəyim. İllərdir sürdüyüm maşını və əşyalarımı buradakı evimə gətirməyim üçün məndən 10 min manat istəyirlər. Axı, bu, hansı qanunda var?
Azərbaycan vətəndaşı olduğum üçün dövlət tərəfindən hər ay 220 manat yardım alıram. Başqada gəlirim yoxdur. Pensiya deyil, sadəcə yardım alıram. Mən bu pulu haradan almalıyam?! Təkcə maşına 5 min 883 manat istəyirlər. Əşyalarımın hamısı yoxlanılıb, baxış keçirilib, təhlükəli heç nə yoxdur. Amma niyəsə mən özümə aid olan əşyalara görə pul ödəməliyəm”.
Məsələ ilə bağlı 10.01.2025 tarixində Dövlət Gömrük Komitəsinə sorğu göndərilsə də, hələ heç bir cavab verilməyib. Sadəcə, o bildirilib ki, şikayət qeydə alınıb.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.






Xəbəri paylaş


 
 


Xəbər lenti