“Rus evi” rəhbərindən sensasion “üçüncü qüvvə” iddiası - ŞƏRH

 
14-02-2025, 11:20            86 dəfə baxılıb
Bakıdakı “Rus evi”nin rəhbəri İrek Zinnurov ofisin bağlanmasının “üçüncü tərəf üçün faydalı olacağını” deyib. “Bu məsələ həm Azərbaycan, həm də Rusiya tərəfi üçün kədərlidir. Başqası isə bir kənarda oturub, əl-qolunu ovuşdurur və buna sevinir... Üçüncü tərəf bu məqamdan istifadə edərək, atəşə mümkün qədər barıt qatmağa çalışır”, - deyə o, RT-yə müsahibəsində bildirib. (Mənbə: Minval.az).

Zinnurov qeyd edib ki, “Rus evi” İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərin 2025-ci ildə Azərbaycanda da keçirilməsini nəzərdə tutmuşdu. “Bu qələbədə Azərbaycanın töhfəsini bilirik. Ona görə tədbirlər planı razılaşdırılmışdı və hər şey dağıldı”, - deyə İrek Zinnurov bildirib. Yada salaq ki, Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar olaraq, “Rossotrudniçestvo” Bakıdakı “Rus evi”nin fəaliyyətinin dayandırılmasına qərar verib.

Zinnurov “üçüncü tərəf üçün faydalı olacağını” dedikdə hansı qüvvələri nəzərdə tutur? Bu ona işarədirmi ki, guya Bakının verdiyi qərarın arxasında hansısa qüvvə dayanır?

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, “Rus evi”nin bağlanması ilə bağlı Bakının verdiyi qərarın arxasında guya hansısa qüvvələrin dayanması barədə fikir Rusiyada ilk dəfə səsləndirilmir: “Bunu "Rus evi"nin rəhbərindən öncə də Zatulin kimi anti-Azərbaycan mövqeyində olanlar işlədiblər. Onlar həqiqətən məsələni belə qələmə verməyə çalışıblar ki, guya indiki şəraitdə Rusiyanın mövqeyi zəiflədiyinə, Qərb ölkələrində yeni bir siyasət başladığına və Azərbaycan da Qərb ölkələri ilə münasibətdə yeni bir mərhələ açmaq haqqında düşündüyünə görə Rusiya ilə münasibətləri məqsədli şəkildə belə ictimai səviyyədə gərginləşdirir. Əlbəttə, bu cür iddiaların səsləndirilməsi bəhanədir. Aydın məsələdir ki, bu cür iddialar Rusiya-Azərbaycan münasibətlərindəki indiki gərginliyin Moskva ilə bağlı köklərini gizlətmək və bunu Azərbaycanın üzərinə atmaq məqsədi daşıyır. Çünki “Rus evi”ndən qabaq Azərbaycanla Rusiyanın münasibətlərini gərginləşdirən təyyarəmizin vurulması məsələsi var idi. Hansı ki, iki strateji müttəfiq olan ölkənin arasında belə bir hadisənin baş verməsi anormal idi. Və baş verəndən sonra isə onun ciddi gərginliyə çevrilməməsi üçün birinci növbədə Rusiyadan gərəkən addımların atılması tələb olunurdu. Bunlar da Rusiya üçün çətin addımlar deyildi. Lazımi səviyyədə üzr istəmək, kompensasiya ödəmək və təyyarənin vurulmasında birbaşa iştirak etmiş məsuliyyətli şəxslərin qanun müstəvisində cəzalandırılması kimi addımlar atılmadı. Nəticədə münasibətlər gərginləşdi. Belə şəraitdə isə “Rus evi”nin bağlanması bir növ iki ölkənin arasında başlanmış gərginliyə təsir göstərdi. Amma burada Azərbaycanı qınamağın, guya üçüncü qüvvənin əlinə oynamaqda ittiham etməyin heç bir əsası yoxdur. “Rus evi” Azərbaycanda qeydiyyatsız fəaliyyət göstərib, ictimaiyyət arasında onun qeyri-şəffaf fəaliyyəti ilə bağlı fikirlər var. Hətta Azərbaycan əleyhinə casusluq fəaliyyətinin göstərildiyi ilə bağlı rəylər mövcud idi. Belə bir şəraitdə onun qanunsuz şəkildə fəaliyyət göstərməsinin qarşısını almaq Azərbaycan üçün yeganə çıxış yolu idi".

A.Quliyev xatırlatdı ki, 2013-cü ildə Rusiya da Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv etmişdi və bu günə qədər onun təşkilat olaraq fəaliyyətinə imkan vermir: “Konqres bir neçə dəfə fəaliyyətini bərpa etsə də, qurumun diaspor təşkilatına çevrilməsinə imkan vermədilər. Ancaq Azərbaycan o zaman bunu aqressivliklə qarşılamadı. Lakin bu gün Azərbaycanın ciddi əsaslara söykənərək "Rus evi"nə qarşı atdığı qanuni addımın ətrafında Rusiya aşırı dərəcədə isteriya yaradır. İrek Zinnurov kimi adamların fikirləri gərginliyin kökünün Rusiya ilə bağlı olduğunu gizlətmək və məsuliyyəti Azərbaycanın, eyni zamanda üçüncü qüvvənin üzərinə atmaq cəhdidir. Burada hər hansı bir üçüncü qüvvənin iştirakı, üçüncü qüvvənin xeyrinə vəziyyətin yaranmasından danışmaq yersizdir. Rusiya-Azərbaycan münasibətlərində əsas pozucu rolu Moskvanın strateji müttəfiqlik borcuna sadiq yanaşmaması və pozucu qüvvələrin fəaliyyəti oynayır. Hansısa üçüncü qüvvəyə sərf edən vəziyyət varsa belə, bunu məhz həmin qüvvələr yaradırlar".

Politoloq Elxan Şahinoğlu isə qeyd etdi ki, İrek Zinnurov və onun kimi adamlar mücərrəd “üçüncü tərəf” dedikdə ya Ukraynanı, ya da Türkiyəni nəzərdə tuturlar: “Çünki son günlər Kremlə bağlı kanallar belə xəbərlər yayırlar ki, guya Azərbaycan Türkiyənin maraqlarını nəzərə alaraq Bakıdakı "Rus evi"ni bağlamağa qərar verib. Bu isə tam yalandır. Bu məsələlərdə nə Türkiyənin, nə də Ukraynanın rolu olub. Rusiyadakı şovinist mərkəzlər və bu mərkəzlərin ölkəmizdəki əlaltıları Azərbaycanın Türkiyə ilə müttəfiqliyini, Şuşa Bəyannaməsini, o cümlədən ölkəmizin Ukraynaya dost yardımını həzm etmək istəmirlər. Həmin mərkəzlərin xəstə məntiqinə görə, Azərbaycan Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləməli idi. Bu baş vermədiyinə görə ölkəmiz əleyhinə qara təbliğata başlayıblar. Rusiya Azərbaycanın sərnişin təyyarəsini raketlə vurub, vətəndaşlarımız həlak olub, buna görə Moskva üzərinə düşəni etmir. Belə olan halda, Bakının tam mərkəzində “Rus evi”nin fəaliyyətinə necə sakit yanaşa bilərdik? Rusiyanın şair və yazıçılarının əsərlərini təbliğ etmək istəyirlərsə, bunun üçün xüsusi mərkəzə ehtiyac yoxdur, internetdən bütün məlumatları əldə etmək mümkündür.

“Rus evi”ndə həyata keçirilən tədbirlər Azərbaycanın təhlükəsizlik maraqlarına zidd olub. Misal üçün, Krımın ilhaqını və ya Donbasda separatizmi təbliğ edən sərgilər keçirilib, mətnlər yayımlanıb. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, paytaxtımızda buna qarşı tədbir keçirirlərsə, bu elə Azərbaycan qanunlarının pozulmasıdır. Azərbaycan qanunlarını kobud şəkildə pozublar, bunun günahını atırlar mücərrəd “üçüncü qüvvənin” üstünə".






Xəbəri paylaş


 
 


Xəbər lenti