6 milyon məlumat yox edildi: “Google” böyük güclərin təzyiqi altında!



Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, təkcə 4 il ərzində silinmə tələblərinin 60%-dən çoxu Rusiyanın payına düşüb:
“Şirkət 2011-ci ildən bəri 150-yə yaxın ölkənin administrasiyaları ilə əlaqə saxlayıb və onların istəyi ilə müxtəlif məlumatların silinməsini təmin edib. Rusiya və Çin hökumətlərinin tələblərindən sonra “Google” dövlət əleyhinə etirazçıların “YouTube” videoları və ya onların siyasətçiləri arasında korrupsiyanı tənqid edən və iddia edən məzmunları silib. “Google” bu illər ərzində 6 milyona yaxın mətni silib.
“Surfshark” kibertəhlükəsizlik şirkətinin məlumatına görə, 2020-ci ildən bəri “Google”a məzmunun silinməsi üçün dünya üzrə müraciətlər iki dəfədən çox artıb. Şirkət mütəmadi olaraq qlobal miqyasda hökumətlərdən, habelə məhkəmə orqanlarından, polis qüvvələrindən və hərbi qurumlardan məlumatların silinməsinə dair sorğular alıb.
Məlumat müəllif hüquqlarının pozulması, məxfiliyin pozulması, böhtan kimi müxtəlif səbəblərə görə silinə bilər. “Observer” nəşri araşdırmasında “Google” şirkətinin məlumatların silinməsi prosesində qeyri-şəffaf proses aşkar edib. Bu, “Google”un ictimai məlumatlara nəzarətdə və dezinformasiya, müharibə təbliğatı və geosiyasət kimi sahələrdə rolu ilə bağlı suallar doğurub.
4 il ərzində silinmə tələblərinin 60%-dən çoxu Rusiyanın payına düşüb. Rusiya hərbi tarixini və siyasətini tənqid edən məlumatlar silinib. Bundan başqa, ukraynalı etirazçıların Rusiya bayrağını yandırması və Rusiyanın dövlət rəmzlərini təhqir edən insanların görüntüləri də silinib. Buna baxmayaraq, “Google” şirkəti Rusiyanın heç də bütün tələblərini yerinə yetirməyib. Çin İctimai Təhlükəsizlik Nazirliyinin tələbi ilə “Google”da 200-dən çox video silinib. İranın da “Google” şirkətinə müraciətləri olub. Buna baxmayaraq, “Google” şirkəti İranın müvafiq strukturlarının tələbini yerinə yetirməyib.
Texnoloji şirkətlərin əsas hissəsi ABŞ-da yerləşir. Rusiya, Çin və İran kimi ölkələr isə ABŞ-ın rəqibləridir. Bu dövlətlər ABŞ-la mübarizədə informasiya texnologiyalarının imkanlarından istifadə edirlər. Moskva, Pekin və Tehran eyni zamanda ölkələri haqqında yayımlanan məlumatlarla da mübarizə aparırlar. Çünki həmin məlumatlar Rusiya, Çin və İranda da oxunur və bu rejimlər üçün təhlükə yaradır”.
Xəbəri paylaş