Lift ehtiyat hissələrinin alınmasından kim daha çox faydalanır - Bakı sakinləri, yoxsa Xalid Ələkbərov Dadaş Nəbiyev birliyi

 
Bu gün, 12:42           

Bu günlərdə Bakının Nizami rayonu, Naxçıvanski küçəsi, 76 ünvanındakı doqquzmərtəbəli binanın sakinləri mediaya müraciət edərək liftin tez-tez sıradan çıxdığından şikayətçi olublar. Sakinlər sonuncu dəfə isə liftin 12 gün işləmədiyini bildirmişdilər. Şikayətçilər bunun xüsusilə yuxarı mərtəbələrdə yaşayan yaşlılar və uşaqlı ailələr üçün ciddi çətinlik yaratdığını vurğulayıblar. Sakinlər lift ustasının müraciətlərə laqeyd münasibətindən və rayonun lift idarəsində qarşılaşdıqları kobud rəftardan da şikayətləniblər.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin özü balaca bir qurum deyil. Birliyin strukturuna bir neçə idarə daxildi. Bunlar  “Funikulyor” İstismar Sahəsi, “Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsi, “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsi, “Baklift-3” İxtisaslaşdırırmış İstehsalat İdarəsi, “Bakımənziavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsi, “Temp” Dövlət Müəssisəsi. Xalid Ələkbərov “Lifttəmir” Birliyinin baş direktoru təyin edildikdən az sonra mətbuata verdiyi açıqlamada bildirmişdi ki, “mən oktyabr ayında baş direktor vəzifəsinə təyinat almışam. Ay yarım ərzində xeyli işlər görmüşük. Hər halda İdarənin formalaşması üçün iki-üç ay lazımdır ki, insanlara xidmət edək, onlar liftdən təhlükəsiz şəkildə istifadə etsinlər. İlk öncə biz qurumun rezerv fondunu yaratmalıyıq. Bu gün material almağa vəsait azdır. Maddi texniki baza yaradılmalıdır.”
Əyalətmedia.az xəbərlər portalı sakinlərin daim narazılıq etdiyi, lift ehtiyyat hissələrin almağa vəsait olmadığını daim bəhanə gətirən “Lifttəmir”İstehsalat Birliyinin 3 saylı Bakı Lift İxtisaslaşdırılmış İstehsalat İdarəsi tərəfindən keçirilmiş satınalma prosedurları ətrafında araşdırma aparmışdır.
Dövlət satınalmalarının vahid internet portalında 20.10.2026-cı ildə dərc olunmuş məlumata görə 3 saylı Bakı Lift İxtisaslaşdırılmış İstehsalat İdarəsi tərəfindən lift ehtiyat hissələrinin alınması üzrə 17.08.2026-cı ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi "LİFT-SERVİS N."  Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 103.195,48 manat dəyərində müqavilə bağlanılıb.
Qeyd edək ki, bu 3 saylı Bakı Lift İxtisaslaşdırılmış İstehsalat İdarəsi ilə "LİFT-SERVİS N." MMC ilə bağlanan ilk müqavilə deyil.
Dövlət satınalmalarının vahid internet portalında dərc olunmuş məlumatlara görə 3 saylı Bakı Lift İxtisaslaşdırılmış İstehsalat İdarəsi 23.10.2019-cu ildən 26.08.2024-cü ilə qədər "LİFT-SERVİS N." MMC ilə ümumi dəyəri 1 542 067 manat olan 7 satınalma müqaviləsi bağlayıb.
3 saylı Bakı Lift İxtisaslaşdırılmış İstehsalat İdarəsi 28.07.2025-ci ildə lift ehtiyat hissələrinin satın alınması üzrə "Harmony İndustrial Construction and Engineering Group" MMC ilə  299.165,4 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LİFT-SERVİS N.” (VÖEN 2000853641) Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 19.10.2006-cı il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, NƏSRƏDDİN TUSİ, ev 23, m. 82, qanuni təmsilçisinin isə Abışev Natiq Qaraş oğlu olduğu göstərilir.
Göründüyü kimi, 3 Saylı Bakı Lift İxtisaslaşdırılmış İstehsalat İdarəsi “LİFT-SERVİS N.” daim işbirliyində olub. Bu da keçirilmiş açıq tender prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır. Belə ki, tender prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə doğurur.
Satınalmaların portalında dərc olunmuş məlumatlardan da göründüyü kimi 3 Saylı Bakı Lift İxtisaslaşdırılmış İstehsalat İdarəsi hər il lift ehtiyat hissələrinin alınması üçün yüzminlərlə manat dövlət vəsaiti xərcləyir. Amma qurumun öz xidmət dairəsinə daxil olan rayonlardakı çoxmərtəbəli yaşayış binaların sakinləri nasaz lift avadanlıqlarını şəxsi vəsaitləri hesabına təmir etdirirlər. Maraqlıdır, dövlətin ayırdığı pullar hara gedir?
Bundan əlavə Dövlət Vergi Xidmətinin rəsmi saytından əldə etdiyimiz məlumata görə 3 Saylı Bakı Lift İxtisaslaşdırılmış İstehsalat İdarəsi üzərinə düşən vergi öhdəliklərini də yerinə yetirə bilmir. Belə ki, hazırki günə 3 Saylı Bakı Lift İxtisaslaşdırılmış İstehsalat İdarəsinin (VÖEN 2000310381) dövlətə 1 179 149.98  manat vergi borcu var.
Qeyd edək ki, “Baklift-3” İxtisaslaşdırırmış İstehsalat İdarəsinin rəisi Dadaş Nəbiyevdi. O,  bu vəzifədə 2016-cı ilin mart ayından çalışır.  3 saylı “Baklift” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin abonent şöbəsinin rəisi olub. 2018-ci ildə tutduğu vəzifəsindən azad edilmiş Qüdrət Şükürovun kadrıdır. Adı Q.Şükürovun gizli əmələrində hallansa da “Lifttəmir” İstehsalat Birliyinin rəisi Xalid Ələkbərov hansısa səbəblərdən ona toxunmayıb. Görünür ya özünə güclü arxa tapıb, ya öhdəliklərini vaxtında yerinə yetirir. Odur ki, hər iki rəhbər vəzifəli şəxs birləşərək “Baklift-3” İstehsalat İdarəsinə ayrılan pulları liftlərə ehtiyat hissələrinin satın alınması adı altında talayır, dövlətin vergisini də vermirlər. Bir sözlə, l ift ehtiyat hissələrinin alınmasından Bakı sakinlərindən daha çox Xalid Ələkbərov Dadaş Nəbiyev birliyi faydalanır.
 
Əyalətmedia.az
 



Xəbəri paylaş


 
 


Xəbər lenti