“Tehranda kondisioner altında oturanlar…” – Xameneinin üstüörtülü mesajı İranda parçalanma yaratdı

 
Bu gün, 14:36           
19636c2e-b1b1-4982-977d-08d6a4d43453_740

 
İranın ali lideri Müctəba Xameneinin fars dilində “əslində” və ya “məsələnin mahiyyəti etibarilə” kimi tərcümə oluna bilən “alal-osul” (علی الاصول) ifadəsi İran rəhbərliyi daxilində parçalanma yaradaraq, onun ABŞ ilə sülh sazişinə dair mövqeyində şübhələrə yol açıb.
Bu barədə “The Telegraph” qəzeti İran rəsmiləri arasındakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Ştatlarla memorandumun imzalanmasına razılıq verdiyini bəyan edən Xamenei, “əslində fərqli fikirdə olduğunu” qeyd edib. Qəzetə danışan iranlı yüksək rütbəli rəsmi bildirib ki, hazırda sistem daxilindəki əsas problem məhz bu ifadədir. Onun sözlərinə görə, bu bəyanat xüsusilə yerlərdəki komandirləri sülhə nail olunması prosesinin bütövlüyünə şübhə etməyə vadar edib. Komandirlər Xameneinin danışıqlardan narazı olduğunu və ona iradəsinin əleyhinə olaraq nəyinsə qəbul etdirildiyini düşünürlər.
Nəşr qeyd edir ki, İran daxilindəki bəzi qüvvələr üçün Xameneinin bu çıxışı iqtisadiyyatın çöküşü və sanksiyalar fonunda diplomatiyanın yeganə çıxış yolu kimi istəksiz şəkildə bəyənilməsi mənasına gəlir. Digərləri üçün isə bu, ABŞ ilə sazişə qarşı müqavimət göstərməyə rəsmi icazədir, çünki onlar düşmənlə danışıqları tələ, sazişi isə yalnız yeni güzəştlərə aparan yol hesab edirlər.
Məlumata görə, canlı televiziya yayımı zamanı deputat Mahmud Nəbəviyan Xameneinin gizli olduğu iddia edilən yazışmalarını oxuyaraq, İranın danışıqlar qrupunun səlahiyyət hədlərini aşdığını bəyan edib və bundan sonra yayım qəfildən kəsilib. Eyni zamanda, Hörmüz boğazındakı SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) zabitləri artan skeptisizm nümayiş etdirərək, regionun təhlükəsizliyi ilə bağlı qərarların Tehranda kondisioner altında oturanlar tərəfindən verilməməli olduğunu bildirirlər. Mənbələrin məlumatına görə, SEPAH artıq gizli səfərbərliyə də başlayıb; raket və pilotsuz uçuş aparatlarının ehtiyatları artırılır, həmçinin hava hücumundan müdafiə sistemləri bərpa olunur.
“The Telegraph” vurğulayır ki, icazə verən, lakin sazişə görə məsuliyyəti öz üzərinə götürməyən Müctəba Xamenei özü üçün kifayət qədər əlverişli vəziyyət yaradıb. Əgər saziş uğurlu olarsa, bu, onun rəhbərliyi altında baş tutmuş bir qələbə kimi qələmə veriləcək. Yox, əgər uğursuzluğa düçar olarsa, bütün günah sənədi imzalayan prezidentin üzərinə düşəcək. Bununla belə, ekspertlər diqqətə çatdırırlar ki, onun atası Əli Xameneinin İran xalqı qarşısında daha böyük nüfuzu var idi, oğlunda isə hələlik buna bənzər heç nə yoxdur.




Xəbəri paylaş


 
 


Xəbər lenti