Ermənistandakı “rus desantı” PİS danışdı – “Yaxın on illərdə Qarabağ...”

 
Bu gün, 13:14           
“Yaxın illərdə, bəlkə də onilliklərdə artsaxı geri qaytarmaq mümkün olmayacaq”.
Bunu “Güclü Ermənistan” partiyasından baş nazirliyə namizəd, rusiyalı oliqarx-milyarder, hazırda ev dustaqlığında olan Samvel Karapetyan mətbuat konfransında bildirib.
“Mən mövcud vəziyyəti real qiymətləndirirəm. Ən vacib məqsədimiz Ermənistanda artsax ermənilərinin ləyaqətli həyatını təmin etmək və onların təhlükəsiz qayıdışını təmin etməkdir”, - deyə o bildirib.
Karapetyan Bakıda həbsdə olan erməni cinayətkarların geri qaytarılmasının mümkün olacağına əminliyini ifadə edib, lakin Qarabağa ermənilərinin geri dönüşünü “ən çətin məsələ” adlandırıb. "Bu məsələni çox tez həll edəcəyimizi deyə bilmərəm, amma buna nail olmaq üçün hər şeyi edəcəyik”, - deyə o qeyd edib.
Yəni nəyi edəcək? Karapetyan Rusiyanın imkanlarını və təsir rıçaqlarınımı nəzərdə tutur? Ermənilərin qayıdışı üçün Bakının şərtləri bəllidir. Bura Qərbi azərbaycanlıların dönüşü məsələsi də daxildir.
Ancaq Karapetyan hansı ağılla “artsaxın” nə vaxtsa “geri alına biləcəyinə” ümid edir? Bu, elə müharibə ritorikası deyimi? Paşinyan da bunu söyləmirmi?
Züriyə Qarayeva: "Misirdəki sammitdə Azərbaycanın rolu önəmlidir" - <span class="text-danger">MÜSAHİBƏ / VİDEO</span>
Politoloq Züriyə Qarayeva Musavat.com-a bildirdi ki, Samvel Karapetyanın səsləndirdiyi fikirlər Ermənistanda revanşist düşüncənin hələ də tam aradan qalxmadığını göstərir:
“O, bir tərəfdən “Qarabağın yaxın illərdə geri qaytarılmasının mümkün olmadığını” etiraf edir, digər tərəfdən isə “nə vaxtsa geri dönüş” ideyasını siyasi gündəmdə saxlayır. Bu isə faktiki olaraq Ermənistan cəmiyyətinə “məğlubiyyət müvəqqətidir” mesajı vermək cəhdidir. Halbuki regionda formalaşan yeni reallıq tamam fərqli istiqamətdə inkişaf edir.
Azərbaycan həm hərbi, həm siyasi, həm də hüquqi baxımdan Qarabağ məsələsini bağladığını açıq şəkildə nümayiş etdirib. Bu səbəbdən “artsaxın geri alınması” ilə bağlı istənilən ritorika daha çox daxili auditoriyaya hesablanmış populizm təsiri bağışlayır. Karapetyanın çıxışında diqqət çəkən əsas məqamlardan biri də “təhlükəsiz qayıdış” ifadəsidir. Burada söhbətin sırf humanitar aspektdən getdiyini düşünmək sadəlövhlük olar. Çünki Ermənistan daxilində müəyyən dairələr hələ də Qarabağ mövzusunu gələcək siyasi təzyiq aləti kimi saxlamağa çalışır.
Ancaq rəsmi Bakı dəfələrlə bildirib ki, bölgəyə qayıdış və reinteqrasiya məsələləri yalnız Azərbaycanın suverenliyi və Konstitusiyası çərçivəsində mümkündür. Üstəlik, Azərbaycan artıq Qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsini də beynəlxalq müzakirə predmetinə çevirib. Bu isə o deməkdir ki, proses birtərəfli yox, qarşılıqlı hüquqlar və regional normallaşma kontekstində müzakirə olunur”.
Politoloq hesab edir ki, Karapetyanın “nail olmaq üçün hər şeyi edəcəyik” açıqlaması isə təsadüfi görünmür: “Burada Rusiyanın bölgədəki təsir imkanlarına eyham vurulduğu hiss edilir. Xüsusilə də Karapetyanın uzun illər Rusiya biznes və siyasi dairələri ilə yaxın əlaqələri nəzərə alınanda bu mesaj daha aydın görünür. Ermənistanda bəzi qüvvələr hesab edir ki, Moskva regionda yenidən təsir imkanlarını genişləndirmək üçün Qarabağ mövzusunu tam bağlanmış hesab etmir. Lakin hazırkı geosiyasi vəziyyət əvvəlki dövrdən fərqlənir. Rusiya həm Ukrayna müharibəsi səbəbindən zəifləyib, həm də Cənubi Qafqazda əvvəlki dominant rolunu itirməkdədir. Bu baxımdan, “rus desantı” kimi təqdim olunan fiqurların səsləndirdiyi bəyanatlar daha çox psixoloji və siyasi təsir yaratmağa hesablanmış ritorika təsiri bağışlayır.
Digər tərəfdən, Paşinyan hakimiyyəti ilə Karapetyan kimi revanşist dairələr arasında fərq olsa da, bəzi məqamlarda onların ritorikası üst-üstə düşür. Paşinyan daha yumşaq və diplomatik dildə danışsa da, Ermənistan daxilində Qarabağ mövzusunun tam bağlandığını açıq şəkildə cəmiyyətə qəbul etdirə bilmir. Çünki bu məsələ uzun illər Ermənistan siyasətinin əsas ideoloji sütunlarından biri olub. İndi isə həmin ideoloji baza dağıldığı üçün müxtəlif siyasi qruplar emosional və revanşist çıxışlarla cəmiyyət üzərində təsir imkanlarını qorumağa çalışırlar. Ancaq reallıq belədir ki, regionda yeni təhlükəsizlik arxitekturası formalaşır və bu sistemdə müharibə ritorikasının deyil, kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və hüquqi tanınmanın ön plana çıxması ehtimalı daha yüksək görünür”.
Musavat.com



Xəbəri paylaş


 
 


Xəbər lenti