Zəngəzurla bağlı son qərar belədir: Dəhliz prinsipi razılaşdırılıb

 
23-07-2025, 11:01           
“Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Zaur bəy, Əbu-Dabi görüşündən sonra Azərbaycan və Ermənistan arasında sülhə müqaviləsinin imzalanmasına dair müsbət mesajlar verilir. Zəngəzur dəhlizinin fərqli mexanizmlər əsasında açılması məntiqindən danışılır. Gözləntilər nədən ibarətdir? Tərəflər indi sülhə nə qədər yaxındır?
– Azərbaycanla Ermənistan arasında sülh danışıqları bir neçə istiqamətdə gedir. Proseslə bağlı ümumi atmosfer dinamikdir və müsbətdir. Tərəflər arasında Əbu-Dabi və ondan öncə görüşlərin keçirilməsi fonunda müsbət dinamika hiss edilməkdədir. Ermənistanın Baş naziri Nikol Paşinyan əvvəlki dövrlərdən fərqli olaraq bu və ya digər məsələlərdə daha məqbul görünür. Amma unutmaq olmaz ki, Azərbaycanla Ermənistan arasında danışıqların davam etdiyi dövrdə rəsmi İrəvanın atdığı addımlardan, Cənubi Qafqazdakı proseslərdən narahat olan qüvvələr var. Ona görə də asanlıqla sülh müqaviləsinin imzalanacağını Zəngəzur dəhlizinin açılmasını gözləmək də sadəlövlük olar. Son 5 ildə baş verənlər də bunu bir daha təsdiq edir. Ermənistan rəhbərliyi siyasi iradə nümayiş etdirərsə və Azərbaycanın tələblərini yerinə yetirərsə, sülh sazişinin imzalanması və digər məsələlərə dair növbəti səhifənin açılacağını görə bilərik.

– ABŞ-ın Bakı ilə İrəvan arasında sülhə dair müsbət mesajları daha çox diqqət çəkir. Ağ Evin bu məsələdə artan marağı nə ilə bağlıdır?
– ABŞ Prezidenti Donald Tramp və onun Yaxın Şərq və Cənubi Qafqaz üzrə nümayəndələri tərəfindən böyük işlər görülməkdədir. Bu işlər onunla bağlıdır ki, tez bir zamanda Azərbaycan və Ermənistan köhnə səhifəni qapatsınlar. Bu, sözsüz ki, regionda suverenliyin və müstəqilliyin daha da artmasına gətirib çıxara bilər. Ona görə də ABŞ bu istiqamətdə addımlar atır. Təbii ki, bütün bunlar hansısa eyforiyanın yaranması demək deyil. Azərbaycanın belə bir niyyəti yoxdur. Bölgə ətrafında baş verənlər onu göstərir ki, region ölkələrinin də bu məsələlərə yanaşmasından asılı olan məqamlar var. Qonşu ölkələrlə bağlı Azərbaycan tərəfindən atılan addımlar buna misaldır. Azərbaycan-İran münasibətləri ilə bağlı müsbət dinamika da bunu təsdiq edir. Prezident İlham Əliyevin Xankədidəki Forumda İranla bağlı münasibətləri yaxşı qiymətləndirməsi də onu göstərir ki, Tehran hakimiyyəti və Prezident Məsud Pezeşkianla sıx dialoq mövcuddur.

– İndiki halda sülh sazişi hansı şərtlərlə imzalana bilər?
– Sülh müqaviləsinin imzalanması hələ baş tutmayıb. Çünki Ermənistan konstitusiya dəyişikliyi məsələsini 2026-cı ildəki parlament seçkilərindən sonraya saxlayıb. Eyni zamanda ATƏT-in Minsk Qrupu ilə bağlı məsələdə də İrəvan gözləmə mövqeyindədir. Belə olan təqdirdə paraflanmış sülh sazişinin imzalanması istisna edilmir.
– Sülh sazişinin paraflanması nə üçün lazımdır?
– Paraflanmış sülh sazişi Ermənistanda baş verəcək proseslər fonunda əldə edilən razılaşmaların qüvvədə qalmasına xidmət edir. Bu mənada əldə edilən şifahi razılaşmaların paraflanmış sülh sənədində öz əksini tapması prosesin müsbət inkişafına da təsir edə bilər. Əgər Ermənistanda siyasi hakimiyyətdə dəyişiklik olarsa, onlar Azərbaycanla yeni səhifənin açılmaması üçün əllərindən gələni edəcəklər. Amma paraflanmış sənədlərlə onların əlində heç bir tutarlı əsas olmayacaq. Beləliklə, bu məsələdəki davranışları məhdudlaşacaq.

– Zəngəzur dəhlizinin ABŞ tərəfindən icarəyə götürülməsi ilə bağlı açıqlama var. Rəsmi İrəvan bunu indiki halda təkzib etsə də Paşinyan bundan öncə hansısa şirkətin nəzarəti ilə bunun mümkünlüyünü qeyd etmişdi. Dəhlizin bu mexanizmlə açılması mümkün ola bilərmi?
– Zəngəzur dəhlizinin açılması ilə bağlı artıq müsbət rəy var. Dəhlizin açılmasına dair Azərbaycanla Ermənistan arasında razılıq əldə olunub. Sadəcə olaraq Ermənistanın bunu necə edəcəyi, hansısa Amerika şirkətinin nəzarəti ilə dəhlizin açılmasına dair qərarın necə olacağı məsələləri açıq qalır. Sözsüz ki, hansısa ABŞ şirkətinin Zəngəzur dəhlizində koordinasiya ilə məşğul olacağına dair fikirlər səslənir. Hətta ABŞ-in Türkiyədəki səfiri Tomas Barak Zəngəzur dəhlizinin icarə əsasında açılmasından danışmışdı. Amma bu ABŞ, Ermənistan və Rusiya arasında olan məsələdir. Azərbaycan bu məsələnin tərəfi deyil. Ona görə də bütün risklər və məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.



Xəbəri paylaş


 
 


Xəbər lenti