Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, kitabxana işi sferasında da inqilabi çevriliş etdi

 
8-05-2025, 11:03           


“Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyət, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdəndir. Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Kitabxanaya, burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm”.
Heydər Əliyev 
 
Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyev bu gün böyük sürətlə inkişaf edən və çox qısa zaman ərzində dünyanın inkişaf etmiş ölkələri sırasına çıxan müasir Azərbaycanın yaradıcısı və memarı olmaqla dövlətimizin və ölkəmizin tarixinə öz adını əbədi olaraq həkk etmişdir. Heç də təsadüfi deyildir ki, bu gün biz Ulu
Öndər Heydər Əliyevin adını Azərbaycan mədəniyyətinin hamisi və milli-mənəvi dəyərlərimizin təəssübkeşi kimi yad edirik.
XX əsrin II yarısında hakimiyyətə gələn, 34 il ardıcıl olaraq dövlət sükanı arxasında məharətlə dayanan, Azərbaycanın tərəqqisi və inkişafı üçün cahanşümul tarixi əhəmiyyətə malik işlər görən bu böyük insan Azərbaycan xalqının sevimli rəhbəri imicini qazanmaqla yanaşı, dünya şöhrətli bir şəxsiyyət səviyyəsinə qalxmışdır.
Heydər Əliyev çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli bir ömür yolu keçmiş, həyatın bütün çətinliklərindən qalib çıxmış, öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək zirvəyə yüksəlmişdir. Bu uca zirvənin yolları daşlı-kəsəkli olsa da, polad iradəsi, dönməz xarakteri, şəxsiyyət bütövlüyü bu zirvəni fəth etməkdə ona kömək etmişdir.
Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri Heydər Əliyev çox zəngin irs qoyub getmişdir.
Xalqımızın mənəvi sərvəti olan bu zəngin irsi araşdırdıqca respublikamızın son 50 illik həyatında bu nəhəng şəxsiyyətin öz xalqına qırılmaz tellərlə bağlı olduğu, onu ürəkdən sevdiyi, Azərbaycanın inkişafı və tərəqqisi naminə böyük işlər gördüyü, bütün varlığını, həyatını Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə həsr etdiyi göz önünə gəlir. Heydər Əliyev bu quruculuğun əsasını 1970-ci illərdən qoymağa başlamışdı.
Həmin illərdə respublikamızda iqtisadi, siyasi sahədə olduğu kimi mədəniyyət sahəsində də böyük geriləmə prosesi baş vermişdi. Bu proses özünü mədəniyyətimizin mühüm sahəsi olan kitabxana işində də göstərmişdi. 1960-cı ildə vəsait çatışmazlığı əsas götürülərək 500-dən artıq müstəqil kütləvi kitabxana bağlanmışdı. Kəndlərimizin əksəriyyəti
kitabxana xidmətindən məhrum olmuşdu. Kitabxana işi bilavasitə qalıq prinsipi əsasında maliyyələş-dirildiyindən kitabxanaların maddi-texniki bazası olduqca zəif idi. Xeyli vaxt idi ki, respublikada yeni kitabxana binaları tikilmirdi. Mövcud kitabxana binalarının əksəriyyətinin, xüsusilə kənd yerlərindəki binaların təmirə ehtiyacı var idi. Kənd rayonlarındakı xeyli yaşayış məntəqələrində kitabxanalar yox idi. Əlbəttə, bütün bunlar ölkədə əhaliyə kitabxana xidmətinin təşkilinə mənfi təsir göstərirdi.
Ulu öndərin qayğısı nəticəsində kitabxana işi üçün ayrılan xərclər ildən-ilə artırılır, yeni binalar tikilirdi. Məhz Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan 1970-1980-ci illərdə özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdı. Həmin dövrdə respublikamızda demək olar ki, hər il kitabxana binaları tikilirdi. 1975-ci ildə kitabxanaların sayı 110 vahid çoxaldı, eləcə də bu məqsədlə büdcədən ayrılan vəsait artırıldı. Həyata keçirilən tədbirlər nəticəsində 1976-1980-ci illərdə Azərbaycanda dövlət büdcəsi hesabına 415 kitabxana binası tikildi.
1981-ci ildə təkcə Mədəniyyət Nazirliyinin xətti ilə 80 kitabxana istifadəyə verilmişdi. Ümumiyyətlə, 1970-1980-ci illərdə Azərbaycanın bütün rayon mərkəzlərində vahid tipli kitabxana binaları tikilmişdi.
Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində kitabxana fondlarının artırılmasına, xarici ölkələrdən kitab, jurnal və elmi məcmuələrin alınmasına xüsusi fikir verilirdi. Bütün bunların nəticəsində sovet dövründə Azərbaycan kitabxanalarının fondlarının zənginləşdirilməsinin zirvə nöqtəsi məhz həmin illərdə oldu. Müqayisə üçün bu fakt əhəmiyyətlidir ki, əgər 1923-cü ildə M.F.Axundov adına Milli Kitabxananın fondunda 20 min 441 nüsxə, 1940-cı ildə 612 min 207 nüsxə kitab var idisə, 1973-cü ildə bu rəqəm 3 mln. nüsxəyə çatdırılmışdı.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illərdə respublikada 1155 kitabxana tikilib xalqın istifadəsinə verilmişdi. Həmin illərdə kitabxana işinin inkişaf səviyyəsi dəfələrlə yüksək idi. Bu dövrdə 38,8 milyon nüsxə kitab fonduna malik 4245 kütləvi kitabxana fəaliyyət göstərirdi. 15 il müddətində kütləvi kitabxanaların sayı 1322 ədəd artmış, kitab fondu isə 13,4 milyon nüsxə çoxalmışdı. 1981-ci ildə respublikamızda bütün növdən (kütləvi, elmi, təhsil, texniki və s.) olan kitabxanaların sayı 8905 ədəd, kitab fondu isə 29,8 milyon nüsxə olmuşdu.
Müstəqillik illərində ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, kitabxana işi sferasında da inqilabi çevriliş etdi.
Bu illərdə Heydər Əliyev kitabxanaların ləğv olunmasının qarşısını aldı, onların qorunub saxlanılmasını təmin etdi. 1993-1999-cu illər Azərbaycanda kitabxana işinin tarixinə kitabxanaların qorunub saxlanılması uğrunda mübarizə dövrü hesab olunur. Kitabxanaların özəlləşdirilməsi, onların binalarının başqa məqsədlər üçün istifadə olunması ümummilli lider Heydər Əliyevin Fərmanı ilə qadağan edildi. Ölkədə mövcud kitabxana şəbəkələri qorunub saxlandı.
1996-cı ildə Azərbaycanda “Kitabxana işi haqqında” qərar, 1998-ci ildə isə ölkəmizin tarixində ilk dəfə olaraq “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 29 dekabr 1998-ci ildə ölkə Prezidenti Heydər Əliyev tərəfindən imzalanmış və həmin gündən qüvvəyə minmiş Qanun, həmçinin “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 12 mart 1999-cu il tarixli Fərman qanunun ayrı-ayrı maddələrinin yerinə yetirilməsinə cavabdeh olan dövlət orqanlarını müəyyənləşdirmişdir.
Bu gün məhz həmin Qanuna əsaslanan respublika əhəmiyyətli kitabxanalarımız öz  oxucularına kitabxana xidmətini təşkil etməklə yanaşı, dövlətin kitabxana siyasətinin hazırlanması və həyata keçirilməsində, kitabxanaların metodik təminatında yaxından iştirak edirlər.
Milli Kitabxananın Əsasnaməsinin təsdiqi, ona bütün fondlarının və əmlakının toxunulmazlığını təmin edən yüksək
milli statusun müəyyənləşdirilməsi, binasının istifadəyə verildiyi 62 il ərzində ilk dəfə tam şəkildə yenidən qurulması layihəsinin reallaşdırılması, fondunun zənginləşdirilməsi məsələləri də bilavasitə Heydər Əliyevin şəxsi göstərişi və rəhbərliyi ilə həyata keçirilmişdir. 10 illik prezidentliyi dövründə 4 dəfə Milli Kitabxanaya gəlişi ilə bu elm məbədinə bir yenilik, yeni bir ab-hava gətirən Ulu Öndər bu kitabxananı yüksək qiymətləndirərək demişdir: “Mədəniyyət
mərkəzlərindən biri olan M.F.Axundov adına Kitabxanaya gəlmişik. Kitabxana xalq üçün, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, bilik, mənəviyyat və zəka mənbəyidir. Buna görə kitabxanaya daim hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən faktorlardan biridir. Mən vaxtilə də bu kitabxanaya dəfələrlə gəlmişəm. Ancaq bu
gün bu kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi keçirirəm və kitabxanaya, burada çalışan insanlara, burada toplanan kitablara öz hörmətimi, ehtiramımı bildirmək istəyirəm”. Bu dahiyanə fikirlər bu gün də kitaba, kitabxanaya, Milli Kitabxanaya və onun Azərbaycan mədəniyyətinin inkişafındakı danılmaz roluna ən yüksək qiymətdir. Bu qiymətli fikirləri yalnız kitaba, mütaliəyə, kitabxanaya yüksək dəyər verən dahi şəxsiyyət
söyləyə bilərdi.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun və mütərəqqi ideologiyasının layiqli davamçısı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, ölkəmizdə kitab nəşri işinə və kitabxanaların inkişafına böyük töhfələr verməkdədir. Buna nümunə olaraq, Prezident İlham Əliyevin 12 yanvar 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamını, eləcə də 6 oktyabr 2008-ci ildə imzaladığı “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” kimi sənədləri göstərmək olar.
Bütün bunlar onu göstərir ki, bu gün Azərbaycanda kitab nəşri və kitabxanaçılıq fəaliyyəti önəmli və tarixi ənənələrə malikdir. Məhz bu baxımdan Ulu öndər Heydər Əliyevin əməli işlərinin məntiqi nəticəsi olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi siyasət öz bəhrələrini verəcək, bu günün və gələcəyin əsasını təşkil edəcəkdir.
 
Kərim Tahirov,
Azərbaycan Milli Kitabxanasının direktoru



Xəbəri paylaş


 
 


Xəbər lenti