AĞ EVİN ERMƏNİSTAN STRATEGİYASI – Vens Paşinyanı “döyüş meydanına” itələdi...
10-02-2026, 11:33
ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistana rəsmi səfəri Vaşinqtonun Cənubi Qafqaz siyasətində keyfiyyətcə yeni mərhələyə keçdiyini açıq şəkildə ortaya qoydu. Bu səfər təkcə Azərbaycanla sülh prosesinə və seçkilər ərəfəsində olan Paşinyan iqtidarına diplomatik-siyasi dəstək deyil, iqtisadi kapital və hərbi-texnoloji əməkdaşlıqdan ibarət kompleks paket kimi təqdim olundu.Beləliklə, ABŞ tarixində ilk dəfə olaraq fəaliyyətdə olan vitse-prezidentin İrəvana səfərini simvolika adlandırmaq doğru olmazdı. Bu, Ermənistanın Rusiyanın təsir dairəsindən çıxararaq geosiyasi yönümünün dəyişdirilməsi cəhdi kimi qəbul edilməlidir. Hər halda imzalanan sənədlər və səsləndirləmn bəyanatlar belə qənaətə gəlməyə əsas yaradır...
Səfərin rəsmi nəticəsi olaraq ABŞ və Ermənistan arasında nüvə enerjisinin sülh məqsədləri ilə istifadəsinə dair birgə bəyanat imzalandı. Vaşinqton bu sənədi enerji təhlükəsizliyi çərçivəsində təqdim etsə də, sənədin əsas məğzi Ermənistanın enerji sektorunun Qərb texnologiyalarına açılması və Rusiyadan asılılığın mərhələli şəkildə azaldılmasıdır.
Razılaşma çərçivəsində ABŞ şirkətlərinin Ermənistanın enerji bazarına institusional girişi təmin olunur və kiçik modul reaktorlar (SMR) daxil olmaqla sivil nüvə texnologiyalarının tətbiqi gündəliyə salınır. Bununla enerji təhlükəsizliyi artıq texniki deyil, geosiyasi məsələ kimi formalaşdırılır. Qeyd edək ki, hazırda Ermənistanın əsas enerji qaynağı olan Metsamor AES Rusiya şirkətləri tərəfindən idarə olunur və uzunmüddətli müqavilə mövcuddur. İrəvanda imzlanan sənəd bilavasitə Rusiyanın maraqlarına qarşıdır. Çox güman, Vensin səfərindən sonra Paşinyan Kremldən ünvanlanan sorğulara cavab verməli olacaq.
Vensin səfər zamanı verdiyi ən mühüm açıqlamalardan biri TRIPP fondu vasitəsilə Ermənistana yönələcək investisiya həcmi ilə bağlı oldu. Vitse-prezident açıq şəkildə bəyan etdi ki, bu mexanizm vasitəsilə Ermənistana ümumilikdə 9 milyard dollar həcmində özəl kapital axını planlaşdırılır.
Bu paket iki mərhələdə reallaşdırılacaq:
Birinci mərhələ - 5 milyard dollar ilkin investisiya;
İkinci mərhələ - 4 milyard dollar əlavə maliyyə qoyuluşu.
Vensin sözlərinə görə, məqsəd Ermənistanı “dünyanın bu regionunda iqtisadi inkişaf üçün mühüm lövbərə” çevirməkdir. Bu ifadə təsadüfi deyil və Ermənistanın ABŞ üçün regional iqtisadi platforma roluna hazırlandığını göstərir.

Politoloq Rasim Musabəyov ABŞ-nin NVIDIA şirkətinin Ermənistanda dünyanın əksər ölkələrində mövcud olmayan çiplərin istehsalını qurmaq planlarını təəccüblə qarşılayıb: “Təəccüblüdür ki, bu açıqlama Rusiya və İran agenturası ilə həddindən artıq doymuş, ərazisində Rusiya hərbi bazalarının yerləşdiyi, sərhədlərinin isə Rusiya FTX-si tərəfindən qorunduğu bir ölkədə səsləndirilib”.
Politoloq güman edir ki, NVIDIA-nın Ermənistanda istehsal etməyi planlaşdırdığı çiplər o qədər də texnoloji baxımdan qabaqcıl deyil, ya da amerikalılar çox yaxın zamanda bu ölkəni Rusiya və İran təsirindən təmizləməyi planlaşdırırlar.
Səfərin ən əsas məqamlarından biri də ABŞ-nin Ermənistana hərbi texnologiya satışı elan etməsi oldu. Vens bildirdi ki, ABŞ tarixində ilk dəfə olaraq Ermənistana kəşfiyyat təyinatlı pilotsuz uçan aparat texnologiyaları da daxil olmaqla 11 milyon dollar dəyərində hərbi texnologiya satışı həyata keçiriləcək. Onun sözlərinə görə, bu texnologiyalar “Baş nazir Paşinyan tərəfindən ölkəsinin təhlükəsizliyini qorumaq üçün istifadə olunacaq”.
Bu açıqlama faktiki olaraq ABŞ-nin Ermənistanla münasibətlərini təkcə siyasi və iqtisadi deyil, həm də təhlükəsizlik müstəvisinə keçirdiyini göstərir və regionda hərbi balans baxımından yeni suallar yaradır.
Vensin verdiyi ən diqqətçəkən siyasi mesajlardan biri birbaşa Nikol Paşinyanın daxili siyasi gələcəyi ilə bağlı oldu. ABŞ vitse-prezidenti açıq şəkildə bildirdi: “Bilirəm ki, onun qarşıda seçkilər gözləyir, bu barədə danışmayacağam. Amma mənim dəstəyim bir məna kəsb edirsə, o, əlbəttə ki, var”.
Bu bəyanat Vaşinqtonun Paşinyan hakimiyyətinə dolayı, lakin açıq siyasi dəstək siqnalı kimi qiymətləndirilir və Ermənistanın daxili siyasi proseslərinə ABŞ-nin münasibətini açıq şəkildə ortaya qoyur. Qeyd edək ki, seçkilərə 5 ay müddət qalır və hakim partiyanın reytinqi o qədər də ürəkaçan deyil. Bunun əksinə, sorğularda Rusiyanın dəstəklədiyi Karapetyan bloku və eks-prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun səslərini artdığını göstərir. Bu yüksəliş Paşinyanın Avropadakı tərəfdaşlarını və Amerikanı ciddişəkildə narahat edir. Vens bu bəyanatı səsləndirməklə Baş nazirə Vaşinqtonun dəstəyini ifadə edir və hazırki məyusluq dönəmində bu, iqtidar üçün əvəzsiz yaxşılıq hesab oluna bilər.
Vens İrəvandakı çıxışlarında ideoloji xətti də unutmadı. O, erməni xalqına “şəxsi yaxınlıq hiss etdiyini” bildirdi. Bu ritorika ABŞ-nin Ermənistanla münasibətlərdə mədəni-dini identiklik üzərindən də bağ qurmaq istədiyini göstərir və Vaşinqtonun yumşaq güc alətlərinin bir hissəsi kimi çıxış edir.
Nikol Paşinyan isə öz növbəsində Vensin səfərini “tarixi” adlandıraraq, ABŞ ilə münasibətlərin yeni mərhələyə keçdiyini vurğuladı. Onun açıqlamalarından aydın olur ki, İrəvan ABŞ-ni siyasi dayaqlardan biri, iqtisadi sponsor və təhlükəsizlik sahəsində alternativ tərəfdaş kimi görür. TRIPP layihəsi isə Paşinyan tərəfindən Ermənistan üçün iqtisadi nəfəs yolu kimi təqdim edilir.
Vensin səfəri göstərdi ki, ABŞ Cənubi Qafqazda artıq yalnız diplomatik vasitəçi rolunda çıxış etmir. Enerji, 9 milyard dollarlıq investisiya paketi, 11 milyon dollarlıq hərbi texnologiya satışı və Paşinyana açıq siyasi dəstək vahid strateji xəttin elementləridir.
Bu xəttin əsas hədəfi:
Rusiyanın regiondakı təsir imkanlarını məhdudlaşdırmaq;
Ermənistanı Qərb orbitinə daha sıx bağlamaq;
Cənubi Qafqazda ABŞ üçün uzunmüddətli mövqe formalaşdırmaqdır.
Vensin səfəri və səsləndirilən açıqlamalar göstərir ki, Ermənistan üçün yeni imkan pəncərəsi açılır. Lakin bu pəncərə ilə paralel olaraq region üçün yeni risklər və həssas balanslar da formalaşır.Vaşinqtonun mesajı aydındır: ABŞ Cənubi Qafqazda artıq kənarda dayanmaq niyyətində deyil.
Amma Ermənistanı iqtisadi baxımdan ayaqda tutan Rusiya və İranın İrəvanla bağlı addımları nədən ibarət olacaq, bu, çox yaxında görünəcək. Hər iki ölkə öz kiçik tərəfdaşını strateji düşməni ilə əl-ələ verməsini sakitcə izləyəcəyini düşünmək sadəlöhvlük olardı. Qarşıdakı aylarda Ermənistanda siyasi atmosfer hədsiz dərəcədə isinəcək...
E.Rüstəmli
“AzPolitika.info”
Xəbəri paylaş



























