“Günü 60-70 manata olan hotellər 700-800 manata verilir” - Deputat

 
5-12-2024, 14:19            81 dəfə baxılıb
Musa Quliyev: “Gələn ilin büdcəsi kifayət qədər təminatlı, əmək haqlarının, sosial təminat xərclərinin, pensiyaların, müavinətlərin artımına imkan verəcək büdcədir”.
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri iki oxunuşda geniş müzakirə edilərək yekdilliklə təsdiqləndi.
KONKRET.az xəbər verir ki, əhalinin böyük marağına səbəb olan büdcə sənədi ətrafında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Yeni Müsavat”ın suallarına cavab verib.
– Musa bəy, 2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsini və ümumilikdə yekunları necə xarakterizə edərdiniz?
– Büdcə təkcə iqtisadi sənəd, maliyyə sənədi deyil, həm də siyasi bir sənəddir və ölkədəki ictimai-siyasi rəyə birbaşa təsir edən məsələdir. Ona görə də hər kəs büdcə ilə maraqlanır. Deputatlar da ən çox büdcə müzakirələrində çıxış edirlər. Hətta hökumətin hesabatlarında da bu qədər çıxışlar olmur, çünki seçicilər də deputatların qarşısında müəyyən məsələlər qoyur, sosial, infrostruktur xarakterli, qlobal sahələrlə bağlı. Amma büdcənin tərtib olunması bir çox parametrlərdən asılıdır. Yoxsa büdcə “bu qədər gəlirimiz olub, bölüb bu qədər yerə xərcləyəcəyik” demək deyil. Dünyada və ölkədə gedən proseslər və bu proseslərin meyli mütləq nəzərə alınmalıdır. Hazırda dünya özünün ən narahat dövrünü yaşayır. Hər yanımızda müharibələr gedir, şimalımızda, cənubumuzda gərginlik. Bilmirsən ki, hansı dövlət özünü necə aparacaq. Belə bir halda şübhəsiz ki, balanslı və ehtiyatlı büdcənin hazırlanması çox vacibdir. Bu mənada mən Azərbaycanın 2025-ci ildə büdcəsini əsas prioritet istiqamətlərə yönəlmiş, sosialyönümlü, müdafiə və təhlükəsizliyimizə kifayət qədər maliyyə əsasları, təminatları yaradan və bir qədər də ehtiyatlı hazırlanmış realist bir büdcə hesab edirəm. İndiki reallığa uyğun ən yaxşı büdcədir. İlk növbədə ölkənin prioritet istiqamətləri nəzərə alınıb. Prioritet istiqamətləri də cənab Prezident 7-ci çağırış parlamentin açılış iclasındakı çıxışında xalqa da, dünyaya da bəyan etdi. O cümlədən deputatların qarşısında bir vəzifə olaraq qoydu.
– Oxucularımız üçün xatırlatmaqda fayda var…
– Birinci növbədə milli təhlükəsizliyimizin təmin olunması, ordumuzun maddi-texniki bazasının gücləndirilməsi və müdafiə qabiliyyətinin artırılması. Bəli, müharibə bitib, amma təzədən bu müharibənin başlamayacağına heç bir təminat yoxdur. Ermənistanı hər gün körükləyirlər, silahlandırırlar, həvəsləndirirlər, Fransa bir tərəfdən, ABŞ-ın indiki administrasiyası digər tərəfdən. Avropa Birliyi, Avropa Parlamenti və digərləri həmçinin. Görürsünüz, Gürcüstanı nə günə qoyublar? Onlar Qafqazda sabitliyin olmasını istəmirlər və özləri bu regiona yerləşməyə çalışırlar. Qafqazın da ən cəlbedici ölkəsi nə Ermənistan deyil, nə də Gürcüstan, Azərbaycandır. Ərazisi böyük, karbohidrogen ehtiyatları zəngin, logistik yollar da bizdən keçir, istər Şimal-Cənub, istərsə də Şərq-Qərb. Buna görə də biz milli təhlükəsizliyimizin qeydinə qalmalıyıq və müdafiə qüdrətimizi artırmalıyıq. Məhz buna görə də büdcənin təxminən 28 faizi, 11,6 milyard manat müdafiə xərclərinə, təhlükəsizliyimizə ayrılıb. İkinci tərəfdən, cənab Prezident tərəfindən qarşıya qoyulan Böyük Qayıdışın icrası, Şərqi Zəngəzurun və Qarabağın sürətli bərpasına nail olmaq məsələsi əsasdır. Niyə sürətli qayıdış? Ona görə ki, deyirlər müqəddəs yerə göz dikən çox olur. Ora bizim müqəddəs torpaqlarımızdır. Biz ora qayıtmalı, yaşayışı təmin etməliyik. Bizim vətənimizdir və orada yaşamalıyıq! İkinci tərəfdən, ora qoyulan vəsait təkcə infrastruktur və sosial layihə deyil, eyni zamanda biznes layihəsidir, investisiyadır. Çünki artıq məlum olduğu kimi, bu ilin büdcəsində az da olsa, Qarabağdan və Şərqi Zəngəzurdan daxilolmalar var. Gələn il, o biri il bu, daha da artacaq. Cənab Prezident qarşıya məqsəd qoyub ki, 2026-cı ilin sonunda 140 min keçmiş məcburi köçkün bacı-qardaşımız qayıtsınlar. O da vacib bir layihədir, indiyədək 16 milyarddan çox vəsait qoymuşuq. Gələn il isə daha 4 milyard xərcləməklə 20 milyardı keçəcək. Büdcədə üçüncü istiqamət heç şübhəsiz ki, sosial xərclərdir. Sosial müdafiə, sosial təminat, səhiyyə, təhsil, elm və sair…
– Sadə vətəndaşlar təqaüdlər, maaşlar, sosial müavinətlər nə qədər artacaq deyə suallar verilir. Həmin insanlara 2025-ci illə bağlı müjdəniz varmı?
– Burada həm xərc həcm etibarilə yüksəkdir, həm də faiz etbarilə artıb, 41 faizi keçib. Büdcənin demək olar ki, yarısına yaxını. Büdcə vəsaitlərinin 17 milyard manatı buraya ayrılıb. Müstəqillik dövrümüzün ən böyük sosialyönümlü büdcəsi hesab edə bilərik. Eyni zamanda büdcə zərfinə daxil olan İşsizlikdən sığorta fondu və Sosial müdafiə fondunun da vəsaitlərində kifayət qədər artım var. Dövlət Sosial Müdafiə Fondunun vəsaitlərindəki artım cari ildəkinə nisbətən 10,5 faizdir. İşsizlikdən sığorta fondunun həm gəlir, həm xərcləri 9,5 faizdir. Mən büdcənin ikinci oxunuşundakı təqdimat vaxtı da qısaca bildirdim ki, bu artımlar hamısı gələn ilə proqnozlaşdırılan infilyasiya göstəricilərini iki dəfə üstələyir. Deməli, vətəndaşımızın sosial rifah halı təmin olunacaq və yaxşılaşacaq. Fondun gələnilki büdcəsindəki artımlar imkan verir ki, biz gələn il həm minimum pensiyanı qaldıraq – minimum pensiyanın artması böyük bir qrup təqaüdçünün pensiyasının artmasına səbəb olacaq – eyni zamanda bu il əldə etdiyimiz təxminən 9 faizə yaxın orta aylıq əmək haqqının artımı imkan verəcək gələn il bütün pensiyaların sığorta hissəsini 9-10 faiz artıraq. Deməli, gələn il bütün pensiyaçılarımızın pensiyası artacaq.
– Konkret məbləğ olaraq nə qədər artımdan söhbət gedir?
– Bir var ümumi əmək pensiyası, bir də var yaşa görə orta pensiya. Ümumi əmək pensiyası 535 manat olacaq. Bu ilin sonunadək 493 manat ödənirdi. Təqribən 40 manatlıq artım olacaq. Yaşa görə pensiya isə 527 manatdan 571 manata çatacaq. Cənab Prezident Milli Məclisdəki çıxışında da bəyan etdi və hökumətə də göstəriş verdi ki, gələn il həm minimum əmək haqqı artmalıdır, həm də pensiyanın minimum məbləği. Minimum əmək haqqı indi ölkəmizdə 345 manatdır. Təbii ki, faizin artım dərəcəsini müyyənləşdirmək cənab Prezidentin səlahiyyətində olan məsələdir. Amma əvvəlki illərin təcrübəsindən çıxış etsək, təxminən 12-13 faizlik artım olsa, minimum əmək haqqını gələn il 400 manata çatacağı proqnozlaşdırmaq olar. Eləcə də minimum pensiyanın məbləği indiki 280 manatdan gələn il üçün 320 manata qaldırılacağı proqnozlaşdırılır. Minimum əmək haqqının qalxması ölkədə bütün sektorlarda, həm dövlət, həm də özəl sektorlarda çalışan bütün vətəndaşlarımızın əməkhaqqının qalxmasına gətirib çıxaracaq.
– O cümlədən də müəllimlər, həkimlər?
– Hamısı. Müəllimlər də, həkimlər də, mühəndislər də, mədəniyyət işçiləri də…
– Deməli, 2025-ci ildə dövlətdən maliyyələşən bu insanların maaşında orta hesabla 40 manat artım olacaq?
– Daha çox. 60 manata yaxın artım olacaq. Gələn il yaşayış minimumu və ehtiyac meyarı da qalxır. Bu da imkan verəcək ki, ünvanlı sosial yardım alan aztəminatlı insanlarımızın aldığı ünvanlı sosial yardımın məbləği artacaq. Bir nəfər üçün 285 manat təşkil edəcək. Hazırda 270 manatdır. Yəni ailədə 4 nəfərdirsə, artıq bu vəsait 1000 manata yaxın edəcək.
– Musa bəy, məsələnin burası da var ki, maaş, pensiya artacaq xəbərini eşidən kimi işbazlar qiymətləri də qaldırırlar, özü də artımdan daha çox. Bəs belə halların qarşısını almaq üçün paralel qaydada tədbirlər görülə bilərmi?
– Təbii. Belə tədbirlər həmişə görülür və müəyyən qədər effekt verir. Amma xüsusi diqqət ərzaq məhsullarının qiymətinə yönəlməlidir. Mebel bir az baha olar, bir az ucuz, amma ərzaq məhsulları elədir ki, gərək bunun qiymətinə xüsusi nəzarət olsun. Qiymət məsələsi də təkcə inhisarçılıqdan, yaxud bazardakı möhtəkirlərlə bağlı deyil. Bu, dünyadakı proseslərlə də əlaqədardır. Bizim xarici ölkələrdən aldığımız ərzaq məhsullarının qiyməti həmin ölkələrdə qalxırsa, istər-istəməz baha gələcək. Ona görə də biz mütləq yerli istehsalımızı artırmalıyıq, bu istiqamətdə işlər daha çevik, adekvat olmalıdır. Hesab edirəm ki, buraya hökumətin dəstəyi daha da artmalıdır. Bir ara Kənd Təsərrüfatı Nazirliyi bir təşəbbüslə çıxış etdi, amma sonradan nədənsə o təşəbbüs dayandırıldı. Fermerlər də çox bəyənmişdilər. Ərzaq məhsullarının tədarükü və təchizatı ilə bağlı bir qurum yaranmışdı, fermerə öncədən sifariş verirdilər ki, sənə subsidiya da verirəm, get, kartof, soğan, kələm ək, meyvə yetişdir, mən payızda onu bazar qiymətinə alacağam. Bu, çox vacib bir şeydir. Kəndlinin işi məhsulu becərməkdir, kəndlinin öz məhsulunu satmaq qayğısı olmalı deyil. Bu gün rayonlara gedirsən, görürsən ki, kök, kartof, soğan kisələrlə yığılıb, kəndli onu qəpik-quruşa satmağa məcburdur. Deməli, müvafiq qurumlar bu işi təşkil etməlidir. Nə qədər desən, soyuducu kameralar tikmək olar. Bizim xurma bağlarımız var, tonlarla məhsul məhv olub gedir. Biz bunu niyə xarici bazara çıxartmırıq? Rusiya bazarı var qonşuluqda, Çin bazarı var, milyard yarım əhalisi var, nə aparsan, alıcısı olacaq. Yəni burada söhbət təkcə büdcədəki vəsait artımından getmir, bütövlükdə iqtisadiyyatdan gedir.
– Bəlkə ölkə iqtisadiyyatını, kənd təsərrüfatını, turizmi, digər sahələri özündə cəmləşdirən müzakirələr həmin sahələrin səlahiyyətli şəxsləri ilə bir neçə gün çəkə biləcək birgə dinləmələr keçirilsin, sonda iqtisadi qalxınma, inkişafın yollarına həsr olunmuş plan-proqram masaya qoyulsun. Mümkün deyilmi?
– Əlbəttə, mümkündür və ayrı-ayrı komitələr də profillər üzrə dinləmələr keçirirlər. O dinləmələr ilin əvvəlində müəyyənləşir. Bizim komitə öz profilimizə uyğun olaraq gələn ilə iki dinləmə planlaşdırırıq. Bunların biri əhalinin məşğulluğunun təmin edilməsində yeni düşüncə və yanaşmadır. Məşğulluq ən vacib, aktiv sosial müdafiə alətidir. Məşğulluq olmasa, heç nə etmək olmaz. Çünki maddi dəyərləri yaradan insanın əməyidir. Bu gün məşğulluqdakı əsas problem iş yerlərinin olmaması, açılmaması deyil. Müşahidə aparırıq və bizə məlumatlar da gəlir, hər bölgədə əmək yarmarkası keçiriləndə minə yaxın, bəzən iki minədək iş yeri təklif edilir. Eyni zamanda o qədər və ondan da çox işaxtaran olur. Niyə? Çünki müəyyən peşələr var ki, onlara tələbat azalıb, və yaxud artıq tamamilə aradan çıxıb. Bəzi peşələr var ki, onlara uyğun mütəxəssislərimiz yoxdur. Bu mənada məşğulluğun əsas aparıcı qüvvəsi Elm və Təhsil Nazirliyi – ilk növbədə peşə hazırlığı – həmçinin İqtisadiyyat Nazirliyi olmalıdır və Əmək Nazirliyi, Məşğulluq Agentliyi bunları bir araya gətirməlidir. Məsələn, keçən həftə Gəncədə qəbul keçirəndə mənə işsizliklə bağlı müraciət etdilər, Məşğulluq Xidmətinin rəhbərinə telefon açdım. Soruşuram ki, nə qədər iş yeriniz var? Deyir ki, 860 vakansiyamız var. Mənə müraciət edən iki nəfəri göndərdim ora, biri getdi, iş tapdı, digəri tapmadı. Çünki digəri deyir xarici dil ixtisasını bitirmişəm, sinxron tərcüməçiyəm, Gəncədə sinxron tərcümə üçün iş yeri tapmaq çox çətindir. Bu mənada ixtisaslaşma getməlidir. Vətəndaşlarımız da bir qədər fəal olmalıdır. Bir cavab oğlan hər dəfə qəbuluma gəlir, öz ixtisası üzrə iş tapa bilmir. Bir-iki yerə məktub göndərmişik, gedib, müsahibədən keçə bilməyib, həm özəl, həm də dövlət sektorundan. Deyirəm, oğlum, nə olsun ki, institut bitirmisən, sən ixtisasartırma kursuna get, sənin qurtardığın institut, aldığın diplom bu gün işəgötürəni qane etmirsə, deməli, yeni bir peşə axtarmalı, öyrənməlisən. Bu mənada bazar iqtisadiyyatıdır, biz o sosialist təfəkküründə qalmışıq ki, institut qurtaran kimi, bizə təyinat veriləcək, iş tapacağıq, yaxud zavodlar elə, fabriklər belə. İndi vəziyyət fərqlidir. İkinci dinləməmiz turizmin inkişafı ilə bağlı olacaq. Çünki buna çox böyük ehtiyac var. Turizm həm iqtisadiyyat deməkdir, həm insanların istirahəti, həm də məşğulluq, əmək deməkdir. Düzdür, dünyadakı, qonşu ölkələrdəki hərbi-siyasi vəziyyətlə bağlı quru sərhədlərimiz demək olar ki, bağlıdır, amma açılacaq, şübhəsiz. Bununla yanaşı, biz daxili turizmi ki inkişaf etdirə bilərik. İndi üzü Yeni ilə gedir, maraqlanıram, günü 60-70 manata olan hotelləri 700-800 manata təklif edirlər. Nəyə görə? İki günə bir aylıq qazancını götürəcək. Bu, bir tərəfdən möhtəkirlik kimi qiymətləndirilə bilər. Digər tərəfdən, o sahibkar bilir ki, tələbat var. Amma o hoteldən on dənə olsa, ömründə onu edə bilməyəcək. Biz bu işi elə qurmalıyıq ki, get, bir bölgədə “beş ulduz” hotel tik, amma orada “üç ulduz” da, “dörd ulduz” da olmalıdır, ulduzsuz da. Həmçinin aqroturizmi, kənd turizmini inkişaf etdirməliyik. Yay vaxtı müşahidə edirik, kənd evlərini hazırlayıb, bir-iki otağını turistə verir, oradan həm qazanc götürür, həm də yeni iş yeri əldə edir. Toyuq-cücəsi, yumurtası, mal-heyvanı var, məhsulunu, isti çörəyini təklif edir. Həm ailə üzvlərinin iş yeri olur, həm biznesini yaradır, həm də rəqabətli şəkildə turistin istirahətini təmin edir. Bu mənada məşğulluq və turizm çox vacib sahələrdir və digər sektorlarla mütləq əlaqəli olmalıdır.
– Dediklərinizdən belə anlaşılır ki, vətəndaşlarımız 2025 sarıdan narahat olmasınlar…
– Bəli, bu mövzuların hər birinə bir müsahibə həsr eləmək olar. Ümumilikdə büdcənin maraq-prinsiplərini nəzərə alsaq, deyə bilərik ki, gələn ilin büdcəsi kifayət qədər təminatlı, əməkhaqlarının, sosial müdafiə, sosial təminat xərclərinin, pensiyaların, müavinətlərin artımına imkan verəcək büdcədir. Cənab Prezident də həmişə daxili siyasətində prioritet istiqamət kimi sosial müdafiə, sosial təminatı götürüb və deyib ki, bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır. Bu mənada əsas odur ki, ölkəmizdə çox ciddi ictimai-siyasi sabitlik, çox ciddi vətəndaş-lider birliyi, bir-birinə qarşı güvən, inam var. Yenə deyirəm, prioritetlər cənab Prezident tərəfindən olduqca dəqiq müəyyənləşdirilib. Prioritetlər istiqamətində də büdcəmiz bölünüb. Gələn ilin büdcəsi kifayət qədər realist bir büdcə olacaq və vətəndaşlarımızın sosial rifah halının yaxşılaşmasına etibarlı maliyyə təminatı yaradacaq.





Xəbəri paylaş


 
 


Xəbər lenti