“QARDAŞCASINA DOSTLUĞUN SONU...” - Və ya Si Çzinpin Putinin dəvətini niyə rədd edir?

 
14-07-2022, 14:21           
“Çin Rusiyadan hərtərəfli istifadə edəcək, Rusiya isə ondan daha çox asılı vəziyyətə düşəcək”
Çin və Rusiyanın ABŞ-a qarşı müttəfiqlik nüamyiş etdirmələrinə baxmayaraq, Ukrayna müharibəsi başlayandan sonra Pekinin Rusiyaya münasibəti dəyişməyə başlayıb. Qərblə əlaqələrinin korlanmasını istəməyən Çin rəhbəri Si Çzinpin Rusiyanı dəstəkləməkdə maraqlı deyil. Belə görünür ki, Çin çətin duruma düşmüş Rusiyadan öz strateji məqsədələri naminə maksimum istifadə etməyə çalışacaq.
“AzPolitika.info” xəbər verir ki, Böyük Britaniyanın “The Times” qəzeti ”Qardaşcasına dostluğun sonu: Si Çzinpin Moskvaya getməkdən niyə ehtiyat edir?” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur. Həmin məqləni təqdim edirik:  ”Vladimir Putin və Çin rəhbəri Si Çzinpin Pekin Qış Olimpiya Oyunlarında görüşən zaman bəyan etmişdilər ki, iki ölkə arasındakı dostluğun sərhədi yoxdur. Rusların gözlədiyinin əksinə olaraq, Ukraynadakı döyüşlər uzanır və aydın olur ki, Si Çzinpin üçün siyasi uzaqgörənlik Putinlə “qardaşlıqdan” daha mühümdür. Bəli, Çin silahlı münaqişənin səbəbini NATO-nun şərqə doğru genişlənməsində görsə də, həmçinin Rusiyanı haqlı tərəf hesab etsə də, bu münqişəyə cəlb edilmək istəmir.
ABŞ bu yaxınlarda bəyan edib ki, Çinin Rusiyaya hərbi texnika yollaması barədə onlarda məlumat yoxdur. Çin Ukraynanın şərqindəki iki separatçı respublikanı tanımaqdan imtina etməklə yanaşı, Rusiyanın Krım üzərindəki hakimiyyətini də tanımır.

Si Çzinpin Putinin dəvəti ilə Moskvaya gəlməkdən yayınır, bu isə onun Rusiyaya münasibətdə ehtiyatlı davarnmasından xəbər verir. Kremldən bildiriblər ki, Si Çzinpinin Moskvaya səfəri ləğv olunmayıb, Çində koronovirusla bağlı məhdudiyyət götürüldükdən sonra bu səfər baş tutacaq...
Si Çzinpin düşünür ki, onun bu səfəri Qərblə əlaqələrdə lazımsız gərginliyə gətirib çıxara bilər. Pandemiyadan sonra Si Çzinpin yalnız bir dəfə Çindən kənara çıxıb. Belə ki, o, bu yaxınlarda Honkonqda olub.
Yaponiyanın “Yomiuri Shimbun” qəzeti yazır ki, Çin lideri Kommunist Partiyasının növbəti qurultayı ərəfəsində daxili və xarici sabitliyi təmin eməklə siyasi uzunömürlülük presedenti yaradaraq üçüncü dəfə hakimiyyətdə qalmağa çalışır.
Analitiklər deyirlər ki, Rusiya və Çini Amerika əleyhinə siyasət birləşdirir, amma Pekin risk etmir və Moskvanın başlatdığı müharibədə ona yardım göstərməyə tələsmir. Ən əsası isə Çin Vaşinqtonun müəyyənləşdirdiyi qırmızı xətti keçməyib və Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaları pozmayıb.

Amma hər halda ola bilər ki, bəzi Çin şirkətləri öz bildikləri kimi fəaliyyət göstərirlər. Belə ki, keçən ay Amerika Rusiya ordusuna kömək etdiyi üçün Çinin beş şirkətini qara siyahıya salıb. Çinlilərin ruslara hansı yardım göstərdiyi bəlli deyil, ancaq Ağ ev bəyan edib ki, Moskvanın sanksiyalardan yayınması üçün Pekinin hansısa sistemli cəhdlər göstərdiyinin şahidi olmayıbla
Moskavdakı “Karneqi Mərkəzi”nin Asiya üzrə mütəxəssisi Aleksandr Qabuev deyib: ”Çin mürəkkəb diplomatik vəziyytlə qarşılaşıb. Pekin Putinə hədsiz yaxın olmaq istəmir, amma eyni zamanda Rusiya ilə əlaqələr onlar üçün böyük əhəmiyyət kəsb edir”.
Peterson adına “Dünya İqtisadiyyat İnstitutu”-nun analizinə görə Ukrayna müharibəsi başlayandan sonra Çinin Rusiyaya ixrac etdiyi məhsulların həcmi kəskin azalıb. Bu, Çin şirkətlərinin Qərb sanksiyalarını pozmaqdan necə ehtiyat etdiklərini göstərir.
A.Qabuev bunu belə şərh edib: ”Pekin fikirləşir ki, Rusiya ilə tərəfdaşlığı nə üçün pozmalıyıq? Digər tərəfdən isə Çin güman edir ki, Amerikanın qırmızı xəttini keçməklə axmaqlıq etməyə dəyməz. Bu, olduqca praqmatik yanaşmadır”.

Həmişə olduğu kimi iki ölkə arasındakı münasibəti müxtəlif cür yozmaq olar. Bu yaxınlarda Moskva Tayvan ətrafındakı sulara üç döyüş gəmisi yollayıb. Belə bir hadisə ilk dəfədir ki, baş verir. Pekin rusların bu yürüşünü şərh etməyib, lakın əksər Qərb və Tayvan analitiklərinin fikrinə görə, Rusiya Çinin razılığı olmasaydı bu regiona öz döyüş gəmilərini göndərməzdi. 
Siyasi icmalçılar deyirlər ki, bu hərəkətlər həm Tayvan məsələsində Çinin dəstəkləməsini və həm də Ukraynada müharibə getməsinə baxmayaraq, Rusiya donanmasının öz gündəlik fəaliyyəti ilə məşğul olmasını göstərmək üçün edilir.
Qabuev bildirib: “Putinin başlatdığı müharibə iki ölkə arasındak münasibətlərdə Rusiyanın kiçik tərəfdaş rolu oynadığını aydın şəkildə üzə çıxardı. Çin Kremlin hərb maşınını dəstəkləməkdən ehtiyatlanır və utanmadan tərəfdaş adlandırdığı Rusiyadan nefti ucuz qiymətə alır, çünki bilir ki, Rusiya buna məcburdur. Qərbin neft embarqosu işə düşəndən və Rusiya Avropaya qaz tədarükünü dayandırandan sonra Çin Rusiya resurslarının başlıca idxalçısına çevriləcək”.
Pekin Rusiyaya qarşı bu cür təsir mexanizmlərindən istifadə etməkdən çəkinməyəcək və yəqin ki, öz istədiyi siyasətin yürüdülməsini ona diktə edəcək. Çin Moskvadan tələb edəcək ki, hərbi texnologiyasındakı yenilikləri onunla bölüşsün və Hindistana, Vyetnama silah satmağı dayandırsın.
Digər tərəfdən, Rusiya Arktikada təbii resursların mənimsənilməsi çərçivəsində yeni hərbi bazalar yaratmaq niyyətindədir. Çin də öz növbəsində bu ərazilərdə döyüş hazırlığı və hərbi təlimlərlə məşğul olmaq istəyir. Bundan sonra Pekin Rusiyadan hərtərəfli istifadə edəcək, Rusiya isə ondan daha çox asılı vəziyyətə düşməyə başlayacaq.
Amma Rusiya üçün daha bir təhlükə də var. Çindən asılılığın getdikcə güclənməsi nəticəsində Rusiyadakı demokratiyanın istənilən görüntüsü yox ola bilər. Bir partiyalı Çindən fərqli olaraq Rusiyada çoxpartiyalı sistemdir və nəzəri baxımdan ölkə rəhbərliyini xalq seçir”.
V. Nəsibov
“AzPolitika.info”



Xəbəri paylaş


 
 


Xəbər lenti