Vətən “kupça” vermir, “kupça”sız evdən xidmətə əsgər aparır - PARADOKS

 
19-12-2025, 13:44           
Azərbaycanda vətəndaşların dövlətdən kömək istəmədən özlərinə qurduqları evlər problemi hazırda ən kəskin şəkil alıb. Əvvəllər vətəndaşın öz zəhməti, min bir əziyyəti hesabına tikib ərsəyə gətirdiyi evlərə kommunal xidmətlər göstərilirdisə, yəni qaz, su, işıq verilirdisə, 1 ildən artıqdır ki, belə xidmətlərin verilməsi dayandırılıb. Səbəb kimi evlərin “kupça”sız olduğu göstərilir.
Vətəndaşın “kupça” alması isə Qarabağ problemindən də müşkül durumdadır. Bu ölkədə cibində bir ətək pulu olmayan vətəndaş üçün “kupça” əlçatmaz sənəd statusundadır. “Kupça” verilməsindən imtina üçün min bir bəhanə var. Məsələ növbəti, Allah bilir, bəlkə də 1252-ci dəfə Milli Məclisdə qaldırılıb.
Deputat Razi Nurullayev ölkənin bir çox kənd və qəsəbələrində sənədsiz evlərə qaz və elektrik enerjisinin verilməməsi problemindən danışıb.
RAZİ.jpg (86 KB)
Deputat bildirib ki, söhbət qeyri-qanuni tikililərdən yox, illərdir yaşayış olan, ailələrin məskunlaşdığı evlərdən gedir.
Onun sözlərinə görə, xüsusilə kənd yerlərində bu məsələ ciddi sosial problemə çevrilib. Razi Nurullayev qeyd edib ki, bəzi hallarda qaz borusu evlərin birbaşa önündən keçsə də, mülkiyyət sənədi olmadığı üçün vətəndaşlara qaz və işıq verilmir:
“Texniki imkan var, qaz var, amma vətəndaşa deyilir ki, “kupça” gətir. Kənd yerində yaşayan, aşağı gəlirli ailə üçün kupça almaq həm baha, həm də son dərəcə mürəkkəb prosesdir. Aylarla davam edən sənədləşmə, idarələr arasında süründürməçilik insanları bezdirir”.
Deputat vurğulayıb ki, insanlar bəzən bu prosesdən imtina edərək soyuq evlərdə yaşamağa məcbur qalırlar:
“Vətəndaş deyir ki, evimdə donaram, amma bu sənədləşmə əzabını yaşamayacam. Bu artıq təkcə sosial məsələ deyil, insan ləyaqətinə toxunan problemdir”.
Onun sözlərinə görə, kənd yerlərində illərdir yaşadıqları evlərə sənəd ala bilməyən minlərlə aşağı gəlirli ailə mövcuddur və bu insanlar mövcud mexanizmlərdən kənarda qalırlar. Razi Nurullayev bu kateqoriyaya aid vətəndaşlar üçün güzəşt mexanizminin tətbiq edilməsini təklif edib:
“Əgər dövlət müəyyən ailələr üçün sosial ədaləti əsas götürürsə, eyni prinsip yaşayış faktı olan, lakin sənədsiz qalan evlərə minimum kommunal təminatda da tətbiq olunmalıdır. Yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən yaşayış faktı təsdiqlənən evlərə, müvəqqəti əsasla da olsa, qaz və elektrik verilməlidir”.
Deputat paralel olaraq bu ailələr üçün sadələşdirilmiş və əlçatan sənədləşmə mexanizminin yaradılmasını da vacib sayıb:
“Qaz lüks deyil, istilik imtiyaz deyil. Bu, insanın yaşamaq üçün ən elementar ehtiyacıdır. Əgər boru evin önündən keçirsə, amma uşaq soyuqda qalırsa, problem vətəndaşda yox, sistemdədir. Biz qanunları insanlar üçün qəbul edirik və bu məsələ də məhz bu yanaşma ilə həll olunmalıdır”.
Qeyd etdiyimiz kimi “kupça”sızlığın yaratdığı problemlər bu gün ən kəskin şəkil alıb. Dövlət vətəndaşın evini tanımır, amma o evdə böyüyən uşağı tanıyır. “Kupça” yoxdur deyə evə qaz, işıq verilmir. Amma o “kupça”sız evdə böyüyən uşağa çağırış vərəqəsi verilir. Uşağı əsgər aparmağa gələn məmur qapını döyəndə heç bir sənəd soruşmur.
Məgər sənədsiz ev birdən-birə “mövcud” olur?
Kəndlərdə yüz minlərlə ailə var ki, illərdir yaşadıqları evlərə sənəd ala bilmirlər. Bu evlər qeyri-qanuni zəbt deyil, dünən tikilməyib, boş torpaqda peyda olmayıb. Ata-babadan qalan, sovet dövründən mövcud olan, ailələrin məskunlaşdığı evlərdir. Bu evlər dövlət üçün kağız üzərində yoxdur. Amma həmin “kupça”sız evdə böyüyüb başa çatan, 18 yaşlı oğlan dövlət üçün var. Hərbi qeydiyyat masasında onun adı var, soyadı var, ünvanı var. Ünvan o evdir ki, dövlət rəsmi sənəddə tanımır. Bu necə olur? Əgər ev yoxdur deyirsinizsə, o evdən əsgər aparmaq hansı hüquqi və mənəvi əsasla mümkündür? Bir tərəfdən “sənin yaşadığın ev hüquqi baxımdan mövcud deyil” deyilirsə, digər tərəfdən “bu evdə böyüyən oğlan Vətən borcunu ödəməlidir” deyilməməlidir.
Bu, açıq-aşkar ədalətsizlikdir. Əgər sənədsiz evə qaz çəkmək olmazsa, bunun üçün evin hüquqi statusu yoxdursa, o zaman həmin evdən öhdəlik, o evdə böyüyən uşağın əsgər getməsi də tələb edilməsin. Hüquqi münasibət birtərəfli olmur. Dövlətin tanımadığı evdən vətəndaşlıq borcu tələb etmək hüquqdan uzaq inzibati zorakılıqdır. Bu gün kəndlərdə ailələr evdə soyuqla mübarizə aparır, uşaqlar palto ilə yatır, qaz borusu isə evin önündən keçir. Dövlət qaz, işıq istəyən vətəndaşa “kupça” deyib üzünə qapı bağlayır. Elə həmin qapıdan bir neçə il sonra hərbi komissarlıq içəri girir və bu zaman “kupça” tələb olunmur. Bu, dövlət-vətəndaş münasibətlərində ciddi etimad böhranı yaradır. Əgər dövlət deyirsə ki, “qanun hamı üçün eynidir”, onda bu qanun selektiv işləməməlidir.

Musavat.com



Xəbəri paylaş


 
 


Xəbər lenti